Accessibility links

Əli Kərimli: Yaralarımızı sağaldacağıq, Rəsulzadə yurdunda Azərbaycan demokratiyasının bayrağı dalğalanacaq


AXCP sədrinin müraciəti yayılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu partiyanın fəallarının həbsi, AXCP-yə qarşı münasibətin səbəbləri ilə bağlı çıxış edib. Çıxışın səs yazısı “Osmanqızı” internet televiziyası vasitəsi ilə yayılıb.

Kərimli bildirib ki, günahsız insanların, dostlarının, partiya həmkarlarının onu bəhanə edərək repressiyaya məruz qoyulmasına razı ola bilməz.

Bu insanlara qarşı ağır repressiyalar tətbiq etməyin. Onları azad edin məni həbs edin.

“Ona görə də Azərbaycan hakimiyyətinə müraciət edirəm. Əgər doğrudan da sizin üçün problem Əli Kərimlidirsə, o zaman bu ghünahsız insanlardan əl çəkin. Bu insanlara qarşı ağır repressiyalar tətbiq etməyin. Onları azad edin məni həbs edin. Nəyə görə mənə münasibətə görə, bu qədər günahsız insan repressiyaya məruz qalmalıdır. Ölkə vətəndaş qarşıdurmasına sürüklənməlidir. Əgər hər hansı səbəbdən bu təklif də sizi qane etmədisə, mən başqa bir variant da təklif edə bilərəm. Azad edin, o günahsız insanları. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) siyasi məhbuslarının hamısını azad edin. Partiyanın fəaliyyəti üçün normal, konstitusiya çərçivıəsində şərait yaradın. Biz, onsuz da bu il partiyanın qurultayını keçirməliyik. Bu payız partiyanın qurultayını keçirək. Əgər siz bu adamları azad edirsinizsə, əgər siz Xalq Cəbhəsinin normal konstitusion fəaliyyətinə mane olmursunuzsa, mən də millətin qarşısında bəyan edirəm ki, partiyamızı və dostlarımı bu repressiyalardan qorumaq xatirinə partiyanın sədrliyindən istefa verərəm. Yenidən sədr seçilmərəm və namizəd olmaram. Bu da olar, mənim tərəfimdən partiyamızı və dostlarımı qorumaq üçün ata biləcəyim fədəkaralıq addımı,” o qeyd edib.

O hesab edir, Azərbyacan hakimiyyətin belə hərəkətləri ilə Xalq Cəbhəsini onsuz da durdurmaq mümkün olmayacağını bilməlidir.

“By repressiyalar Xalq Cəhbəsini nəinki məhv etmək, heç sarsıtmaq qüdrətində də deyil. Bunu tam məsuliyyətlə bəyan edirəm.”

Kərimli deyib ki, onun təklifləri hansısa bir çarəsizlik kimi görünməməlidir.

Mən, özüm həbs olunsam da, Xalq Cəbhəsinin strukturları öz mübarizəsini davam etdirəcək. Hər kəs əmin olsun, dostlar narahat olmasın. Dost olmayanlar sevinməyə tələsməsin.

“Yox! Tam əminliklə hamınıza deyirəm ki, Xalq Cəbhəsi bu repressiya mərhələsini də aşacaq. Hətta, bu həbslər davam etsə də, mən özüm həbs olunsam da, Xalq Cəbhəsinin strukturları öz mübarizəsini davam etdirəcək. Hər kəs əmin olsun, dostlar narahat olmasın. Dost olmayanlar sevinməyə tələsməsin. Xalq Cəbhəsində öz idealları xatirinə hər cür çətinlikləri gözə almış minlərlə insan birləşib. Bu, millətimizin bir şansıdır. Bu insanlar yaradılan bütün maneələri aşacaq. Yaralarımızı sağaldacağıq. Xalq Cəbhəsini yenidən əvvəlki vəziyyətinə qaytaracağıq. Buna heç bir şübhə yoxdur. Mənim təkliflərim isə çox itki vermədən, çox məhrumiyyətlər yaşatmadan bu mərhələni keçmək üçün olan təkliflər idi.”

O hesab edir ki, təklifləri qəbul olunmasa da Xalq Cəbhəsinin mübarizəsi davam edəcək.

“Xalqımız Xalq Cəbhəsinə bu mübarizədə çox ciddi dəstək verir. Elə bu günlərdə nə qədər yeni insan, bu ağır vəziyyətdə partiyamızın sıralarına qoşulmaq üçün müraciət edib. Mən o adamların hamısını salamlayıram. Nə qədər qeyrətli, əqidəli insanlardı. Haqqın tam nazildiyi, sınağa çəkildiyi bu günlərdə haqqın yanında olmaq, zorbalığın, zülmün qarşısında olmaq əsl ləyaqətli həyat yaşamaq deməkdir. Bu gün cəmiyyətin ən müxtəlif təbəqələrindən dəstək görürük. Mən fürsətdən istifadə edib Azərbaycan Xalq Cəbhəsinə qarşı bu repressiyalara öz səsi ilə, yazıları ilə, imzaları ilə etiraz edən hər bir şəxsə öz təşəkkürümü bildirirəm. İlk növbədə təşəkkürlər millətimizindir. Məhz millətimizin kollektivliklə dəstəyi ilə, xalqımızın hamılıqla dəstəyi ilə ictimai rəy birmənalı şəkildə bu repressiyaları lənətləyir. Azərbaycan hakimiyyəti hər yerdə görür ki, bu repressiyalar xalq tərəfindən birmənalı şəkildə pislənilir. Özünə hörmət edən heç bir şəxs bu repressiyalara haqq qazandırmır. Vətəndaş cəmiyyətinin təmsilçilərinə minnətdarlığımı bildirirəm. Ölkənin tanınmış yazarları, jurnalistləri, hüquq müdafiəçiləri, hüquqşünasları, ictimai-siyasi xadimləri, müstəqil siyasətçiləri, müxalif siyasətçiləri, danışmaq-yazmaq hüququnu hökumətə güzəştə getməmiş insanların mütləq əksəriyyəti Xalq Cəbhəsinə qarşı, bu repressiyaları pisləyirlər. Bu bizə böyük güc verir. Bu onu göstərir ki, doğrudan da bizim cəmiyyətimiz Orta Şərq cəmiyyətlərindən, Orta Asiya cəmiyyətlərindən müsbət mənada irəlidədir. Buranı Türkmənistana çevirmək mümkün olmayacaq. Bunun bir səbəbi də bütövlükdə xalqımızın gənci ilə, yaşlısı ilə, təhsillisi ilə, təhsilsizi ilə, vətəndaş cəmiyəyti ilə, müxalifətçisi ilə ölkəmizi həmin o diktatorluq kimi görməyə razı olmamasıdır. Biz, bu günlərdə bunu gördük. Əlbəttə ki, Azərbaycan cəmiyəytinin bütün qatlarından biz dəstək alırıq və onların hamsısna təşəkkür edirəm.”

Əli Kərimli repressiyalardan hakimiyyətin nə qazanacağı və repressiyaların nə ilə bitəcəyi ilə bağlı da fikirlərini bildirib.

Tam əminliklə deyirəm ki, partiyamız bu sınaqlardan qürurla çıxacaq və daha böyük mənəvi və siyasi gücə çevriləcək. Bu günlərdə biz xalqımızla tam olaraq birləşməkdəyik. Artıq Xalq Cəbhəsi ilə xalqı ayırmaq mümkün deyil.


“Tam məsuliyyətlə bildirirəm ki, Azərbaycan hakimiyyəti bu repressiyalarla ola bilsin ki, fiziki cəhətdən Xalq Cəbhəsinin gücünə, təşkilatçılıq bacarığına zərər vura bilir. Çünki həbs olunan dostlarımız partiyanın rəhbərliyində olan, aparıcı funksionerlər həqiqətən də çox bacarıqlı, zirək, fədəkar insanlardır. Onların yeri əlbəttə boş görünür. Amma tam əminliklə deyirəm ki, partiyamız bu sınaqlardan qürurla çıxacaq və daha böyük mənəvi və siyasi gücə çevriləcək. Bu günlərdə biz xalqımızla tam olaraq birləşməkdəyik. Artıq Xalq Cəbhəsi ilə xalqı ayırmaq mümkün deyil. Harada Xalq Cəbhəsi qurtarır, harada xalq başlayır, onu artıq heç kim bilmir. Artıq, Xalq Cəbhəsi bütövlükdə əzilən bir xalqın gerçək bir səsinə çevrilməkdədir. Bu mənəvi güc, bu siyasi güc daha da artacaq. Heç şübhə etmirəm ki, biz bu mərhələləri də aşacağıq. Azərbaycan hakimiyətinin bu repressiyalaradan bir şeylər qazanacağına qətiyyən inanmıram. Nəyə görə? Xalqlar bir qayda olaraq ədalətin yanındadırlar. Xalqlar bir qayda olaraq ədalətsizliyə, haqsızlığa qarşıdırlar. Bu qədər böyük haqsızlığa xalq necə rəğbətlə yanaşa bilər. Günahsız insanları həbs etdirdiyinə görə hökumətin reytinqimi artacaq? Günahsız insanlara, Qarabağsevərlərə, vətənpərvərlərə divan tutduğuna görə, vətən müharibəsini vətəndaşlar arasında qarşıdurmaya çevirdiyinə görə rejimin nüfuzumu artacaq? Qətiyyən! Hansı xalq istəyər ki, onun hakimiyyəti döyüş zamanı generalını şəhid versin, ondan bir gen sonra ölkənin ali baş komandanı çıxsın televiziya qarşısına düşmən ölkədənsə, ölkənin müxalifətinin daha böyük düşmən olmasını bəyan ertsin. Hansı xalq bu vəziyyətdən məmnun olar? Azərbaycan xalqı da məmnun deyil. Azərbaycan xalqı bu haqsız repressiyalarla ölkənin milli gücünü tükəndirən, zəiflədən, düşmən qarşısında Azərbaycanı tərksilah edən, beynəlxalq aləmdə daha da pis formada təqdim edən Azərbaycan hakimiyyətindən daha da narazı qalacaq.”

This image contains sensitive content which some people may find offensive or disturbing.
Həbs edilən AXCP fəalları
Həbs edilən AXCP fəalları

AXCP sədri hesab edir ki, ölkənin sosial problemləri həddindən artıq artmaqdadır.

Hər kəs bilsin ki, Azərbaycanda demokratiya, ədalət, hüquqlar uğrunda mübarizəmiz sona qədər davam edəcək.

“Bu sosial problemlər repressiyaların fonunda arxa planda qalır. Amma, milyonlarla insan artıq dolana bilmir. Bu insanlar Azərbaycan hakimiyyətinin hərəkətlərindən necə məmnun olacaq? Qətiyyən razı olmayacaq. Ona görə də hər kəs bilsin ki, Azərbaycanda demokratiya, ədalət, hüquqlar uğrunda mübarizəmiz sona qədər davam edəcək. Bu mərhələni də allahın köməkliyi ilə aşacağıq. Yaralarımızı sağaldacağıq. Azərbaycanda cümhuriyyət dəyərləri yenidən bərqərar olacaq. Rəsulzadə yurdunda Azərbaycan demokratiyasının bayrağı dalğalanacaq. Cümhuriyyət prinsipləri bərqərar olacaq. Azərbaycan xalqı buna layiqdir və qadirdir.”

Əli Kərimli bildirib ki, Azərbaycan hakimiyyəti Qarabağ mitinqini bəhanə edərək AXCP-nin 40 nəfərədərk fəalını həbs edib.

“Onlardan 14 nəfərə qarşı ağır ittihamlar irəli sürülüb. 13 nəfər inzibati həbsədədir. Beləliklə, AXCP-nin hazırda 27 üzvü həbsdədir. 10 nəfər üzvü isə daha öncədən siyasi məhbusdur.”

Onujn fikrincə, insanlar tamamilə günahsız olduqları halda həbs olunublar.

Təsəvvür edin, mitinqə belə getməmiş insanlar hakimiyyətin zorla ələ keçirilm’sində, konstitusion quruluşun zorla dəyişdirilməsinə çalışmaqda, dövlət əmlakına ziyan vurmaqda, polisin, dövlət orqanlarının tələblərinə tabe olmamaqda, iğtişaş yaratmaqda ittiham olunur.

“Hər kəs bilir ki, Tovuzda döyüşlər başlayan kimi biz birmənalı şəkildə xalqımızın və ordumuzun yanında olduğumuzu bəyan etdik. 14 iyulda keçirilən aksiyada hər hansı siyasi tələb irəli sürmədik, təşkilat kimi iştirak ertmədik. Orada iştirak edən AXCP üzvləri də yalnız Qarabağla bağlı şüarlar səsləndirib, ümummilli mövqedən çıxış ediblər. Nəinki cinayət, nəinki inzibati xəta, hətta siyasi səhvə yol verməmiş insanlar belə qanunsuz olaraq həbs olunur. Onlara qarşı bir neçə maddə ilə cinahyət işi açılır. Hətta Qarabağ mitinqində iştirak etməmiş insanlara qarşı ağır cinayət ittihamları irəli sürülür. Təsəvvür edin, mitinqə belə getməmiş insanlar hakimiyyətin zorla ələ keçirilm’sində, konstitusion quruluşun zorla dəyişdirilməsinə çalışmaqda, dövlət əmlakına ziyan vurmaqda, polisin, dövlət orqanlarının tələblərinə tabe olmamaqda, iğtişaş yaratmaqda ittiham olunur. Hansı ki, o adamlar evlərindən kənara çıxmayıblar.”

O AXCP-yə qarşı represiyyaların səbəbi kimi hökumətin AXCP-ni ciddi siyasi qüvvə kimi görməsində görür.

Niyə, AXCP hədəfə alınıb? Ona görə ki, AXCP Milli Şura və digər müttəfiqləri ilə birlikdə hal-hazırda ölkədəki protest elektoratın əsas təmsilçisi statusuna gəlib.

“AXCP-yə qarşı bu repressiyalar təsadüfi deyil. Bu hansısa hüquq mühafizə orqanlarının səhvi deyil. Bu, birbaşa İlham Əliyevin AXCP-ni düşmən elan etməsindən sonra dövlət tətəfindən həyata keçirilən məqsədyönlü repressiya aktıdır. Niyə, AXCP hədəfə alınıb? Ona görə ki, AXCP Milli Şura və digər müttəfiqləri ilə birlikdə hal-hazırda ölkədəki protest elektoratın əsas təmsilçisi statusuna gəlib. Ötən ilin təcrübəsi çox əyani şəkildə göstərdi ki, həm 19 yanvar, həm 19 oktyabr mitinqi hamıya nümayiş etdirdi ki, bu gün AXCP həmin o protest elektoratın təmsilçisi statusundadır. Həm razılıqla, həm razılıqsız ölkədə izdihamlı mitinqlər keçirmək iqtidarındadır. Hökuməti bu narahat edir. Ona görə də ölkədə bir il yarımdır ki, sərbəst toplaşmaq azadlığı tam olaraq qadağan edilib. Məhz ondan sonra AXCP-yə qarşı düşmən ritorikası seşilib,” Əli Kərimli qeyd edib.

Qeyd

Azərbaycan iqtidarı ölkədə fundamental insan hüquqlarının tam bərpa edildyini, insanların siyasi baxışlarına görə təqib edilmədiyini bildirir. Dövlət rəsmiləri insanlara qarşı repressiya aktları həyat keçrilməsi ilə bağlı fikriləri qəbul etmir və əsassız sayır.

Ölkə rəhbərləri siyasi məhbusların olması barədə deyilənləri isə ümumiyətlə qəbul etmir. Bununla yanaşı, yerli hüquq müdafiəçiləri hazırda həbsdə olan 130-dan çox insanı siyasi məhbus kimi tanıyır. Avropa Şurası Parlament Assambleyasına Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyət göstərir və qurum Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

Ölkə beynəlxalq mətbuat azadlığı indeksində 180 ölkə arasında 168-ci yeri bölüşür.

Milli Məclisin qarşısındakı aksiyanı polis dağıdır
Milli Məclisin qarşısındakı aksiyanı polis dağıdır

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib.

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

XS
SM
MD
LG