Accessibility links

Əli Kərimlinin mühafizəçisinə 4 il şərti cəza verilib


Vəkil Bəhruz Bayramov və AXCP fəalı Ruslan Əmirov
Vəkil Bəhruz Bayramov və AXCP fəalı Ruslan Əmirov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirova 3 il sınaq müddəti olmaqla 4 il şərti cəza verilib.

Bu barədə iyunun 17-də Səbail rayon məhkəməsində hakim Azər Tağıyev hökm çıxarıb.

Hökmdən öncə son sözünü deyən Əmirov özünü təqsirli bilməyib. O, ittihamların əsassız olduğunu, heç bir qanunsuz addım atmadığını və yürüşdə iştirak etməklə orduya dəstək verən on minlərlə vətəndaşdan biri olduğunu vurğulayıb. Əmirovun fikrincə, onun cinayət məsuliyyətinə cəlb olunmasının səbəbi siyasi fəaliyyətidir.

Vəkili Bəhruz Bayramov deyib ki, məhkəmənin hökmündən sonra apellyasiya şikayəti veriləcək.

Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Ruslan Əmirov Amerikanın Səsinə deyib ki, dinc aksiyada iştirak edib, ancaq hər hansı qanunsuz hərəkətə yol verməyib.

Vəkil Bəhruz Bayramov bildirib ki, cinayət işinə xitam verilməlidir.

“Məhkəmədə ittihamların heç biri sübut olunmayıb. Bu cinayət işinin nəyə görə qaldırıldığı hələ də mənə aydın deyil. Çünki cinayət tərkibi yaradan heç bir hərəkət olmayıb,” o qeyd edib.

AXCP-nin məlumatına görə, ötən il iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra siyasi sifarişlə bu partiyanın 45 fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG