Ərdəbil Həbsxanasından məzuniyyətə buraxılan iki milli fəal Əli və Rza Vasiqi məzuniyyət müddətinin bitməsilə həbsxanaya geri qayıdıb.
Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata görə, Vasiqi qardaşları sentyabrın 1-də Ərdəbil Həbsxanasına qaytarılıb.
Rza avqustun 11-də və Əli iyulun 30-da mülki girov qarşılığında məzuniyyətə çıxma haqqından istifadə ediblər.
Hazırda Vasiqi qardaşları Ərdəbil Həbsxanasında məhkum olduqları 2 illik həbs cəzasını çəkirlər.
Güneyli milli fəallar “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" və "vərəqələr yaymaqla İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə günahlandırılıb.
2020-ci ilin iyununda təhlükəsizlik qüvvələri fəalların iş yerlərinə məhkəmə orderi təqdim etmədən hücum edib, milli fəalları ağır şəkildə döyərək nəzarət altına almışdılar.
Vasiqi qardaşları təqribən bir həftə nəzarətdə saxlandıqdan sonra 110 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
Vasiqi qardaşları keçən il noyabr ayından bəri Ərdəbil həbsxanasında saxlanılır.