Accessibility links

Xameneyi: İqtisadi təhlükəsizliyi hədələyənlər cəzalandırılmalıdır


İranın ali ruhani lideri iqtisadi təhlükəsizliyi hədələyənlərin cəzalandırılmasına çağırıb.

Ayətullah Əli Xameneyinin çağırışı rialın dəyər itirməsi və ABŞ-ın Tehrana qarşı sanksiyalarının ağır perspektivlərinə etiraz olaraq keçirilən aksiyalardan sonraya təsadüf edir.

Xameneyi ədliyyə rəsmiləri ilə görüşü zamanı deyib ki, iş, həyat və insanların durumu təhlükəsiz olmalıdır. O, ədliyyə sistemindən iqtisadi təhlükəsizliyə hədə törədənlərə mane olmasını istəyib.

Bu gün Tehran bazarında iki günlük tətillərdən sonra ticarət normal vəziyyətinə qayıdıb.

Bazar ertəsi ticarətçilər ölkə parlamenti qarşısında toplaşaraq, rialın dəyər itirməsinə etiraz edib.

Reuters xəbər agentliyi polislə nümayişçilər arasında qarşıdurmaları nümayiş etdirən videoların həqiqiliyini təsdiq edə bilməyib.

İranda ictimai etirazlar nadir hal olsa da, son aylar iqtisadi duruma etirazların sayı artıb.

ABŞ-ın 2015-ci il nüvə sazişindən çıxmasından sonra o ölkəyə qarşı sanksiyaların tətbiqi iqtisadi tənəzzülə yol açıb. Qeyri-rəsmi bazarlarda 1 dolların dəyəri 78 500 rial olub. Xarici valyuta mübadiləsi şirkəti Bonbast.com ötən ilin sonunda 1 dollarındəyərinin 43 min rial təşkil etdiyini bildirib.

İran prezidenti Həsən Ruhani dünən iranlıları əmin edib ki, onun hökuməti qarşıdan gələn ABŞ sanksiyalarının iqtisadi təzyiqlərini dəf etməyə hazırdır.

Birləşmiş Ştatlar noyabrın əvvəllərindən İran neftinin idxalının dayandırılması üçün bütün ölkələr üzərinə təzyiq göstərməyə başlayıb.

ABŞ Dövlət Departamenti bildirib ki, İran neftinin idxalı üçün heç bir istisnaya yol verilməyəcək.

İranın neft rəsmiləri ABŞ-ın bu səylərinin baş tutmayacağını bildirib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Tramp İrana qarşı sanksiyaların qaldırılması müddətinin 180 gündən artıq uzadılmayacağı barədə fikrində qətidir. Bu müddət noyabrın 4-də bitir.

Tramp administrasiyası bu müddətdən o yana hətta öz müttəfiqləri üçün də güzəşt edilməyəcəyini bildirib.

Rəsmi deyib ki, administrasiya İranın bütün valyuta gəlirləri kanallarını bağlamaq niyyətindədir.

Fars xəbər agentliyinin bildirdiyinə görə, İnqilab Qvardiyasının baş komandiri, general Yəhya Rəhim-Səfəvi deyib ki, hökumtin maliyyə böhranı ilə mübarizəsinə yardım hər bir iranlının borcudur.

XS
SM
MD
LG