Accessibility links

Əliməmməd Nuriyev: İki ilə yaxındır kütləvi əfv olmayıb


"Yaxın zamanlarda Əfv Komissiyasının iclasının keçiriləcəyi gözləniləndir. Artıq iki ilə yaxın müddətdir ki, bütün kateqoriyalardan olan müraciətlərlə bağlı əfv sərəncamı olmayıb. Yalnız ötən il aprelin 7-də COVİD-19 pandemiyası ilə bağlı 65 yaşından yuxarı risk qrupuna daxil olan məhbusların müraciətinə baxılıb, 176 şəxs əfv olunub."

Bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son zamanlar əfv barədə kütləvi müraciətlərə baxılma halları olmayıb. Bunun səbəbi COVİD-19 pandemiyası və Vətən müharibəsidir.

“Müraciətlərdə fərdi xarakterli məlumatlar olduğuna görə komissiyanın iclaslarını online qaydada keçirmək mümkün deyil,” o qeyd edib.

Komissiya üzvünün qənaətincə, qarşıdan gələn Novruz byaramı və İkinci Qarabağ müharibəsində qələbə əfv və ya amnistiya olmasına ümidlər yaradır.

“Hazırda çoxsaylı müracitətlər toplanıb, emal edilir. Ümid edirik ki, qarşıdakı aylarda Əfv Komissiyasının iclasları olacaq. Komissiyanın iclasları sədr tərəfindən çağrılır. İndiyədək komissiyanın iclası keçirlməyib,” o, Amerikanın Səsinə deyib.

Xatırladaq ki, bundan öncə bir sıra hüquq müdafiəçiləri əfv və ya amnistiya olması təklifi ilə çıxış edib, ölkə başçısına və parlamentə müraciətlər edib.

Ötən ilin dekabrında Müsavat Partiyasının başqanı Arif Hacılı böyük amnistiya qanununun qəbul edilməsi təklifi ilə çıxış edib.

“Minlərlə məhbus və məhbus ailəsi uzun illərdir ki, qızıl amnistiya arzusu ilə yaşayır. Bu, həm də ortaya çıxan yeni problemlərlə bağlı həmrəylik mühitinin davam etməsi üçün zəruridir,” Müsavat Partiyasının başqanı qeyd edib.

Bundan öncə, Siyasi Məhbusların Monitorinq Mərkəzi noyabrın 10-da Qarabağda müharibənin sona çayması münasibəti ilə böyük sayda məhkumun, 190-dan artıq siyasi məhbusun, o cümlədən "ömürlük məhbusların" azad edilməsi məqsədilə miqyaslı amnistiya və ya əfv aktının elan olunmasını təklif edib.

Bu gün, yanvarın 20-də “Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” İttifaqın dərc etdiyi yenilənmiş siyasi məhbuslar siyahısına görə ölkədə 146 siyasi məhbus var.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olmadığını, bütün fundamental azadlıqların təmin edildiyini bəyan edir.

Azərbaycanda son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub.

XS
SM
MD
LG