Accessibility links

Əlirza Fərşi üç günlük məzuniyyətdən sonra həbsxanaya qaytarılıb


Əlirza Fərşi
Əlirza Fərşi

Tehran həbsxanasında saxlanılan türk dili hüquqları fəalı Əlirza Fərşinin müvəqqəti azadlıq müddəti uzadılmadığı üçün o, həbsxanaya geri qaytarılıb.

Bu barədə İranda İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.

Tehran həbsxanasında 2 illik həbs cəzasını çəkən güneyli siyasi məhbus Əlirza Fərşi may ayının 8-də 500 milyon tümənlik girov müqabilində 3 gün müvəqqəti azadlığa buraxılmışdı.

Əlirza Fərşi öz Instagram hesabında üç günlük məzuniyyət müddətinin uzadılmadığını və həbsxanaya geri qayıtmaq məcburiyyətində olduğunu yazıb. O, müvəqqəti azadlığa çıxmasına səbəb olaraq sol gözündə görmə qabiliyyətinin azaldığı üçün əməliyyata ehtiyac duyulmasını göstərib. Fərşinin öz səhifəsində verdiyi məlumata görə, o, müalicə üçün müvəqqəti azadlığa buraxılıb. Ancaq həkimin diaqnozuna baxmayaraq, bu müalicə üçün verilən məzuniyyət müddəti uzadılmayıb. Fərşinin öz sosial media hesabından verdiyi məlumata görə, sol gözünün görmə qabiliyyəti azalıb və bu, kornea nəqli əməliyyatı tələb edən bir vəziyyətdədir.

Həbs müddətində siyasi məhbus ona qarşı irəli sürülən başqa ittihamlar üzrə günahlandırılaraq 4 il və 2 ay həbs cəzasına məhkum edilib.

"Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə suçlanan milli fəal, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinin sədri olan hakim İman Əfşari tərəfindən həbs cəzasına əlavə olaraq, 2 il qeyri-hökumət təşkilatlara üzv olmaqdan məhrum olmaq və Tehran Bələdiyyəsində 2 ay məcburi işləmək cəzasına da məhkum edilib.

Fərşi son ittihamları ilə bağlı 2020-ci ilin yanvar ayının 8-də Tehrandakı iş yerində İran hökumətinin Kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və daha sonra girov müqabilində sərbəst buraxılımışdı.

Hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq Ana dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

XS
SM
MD
LG