Accessibility links

Əlirza Fərşi müvəqqəti azadlığa buraxıldı


Əlirza Fərşi

Yanvar ayının 8-dən bəri Tehranın Evin həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşinin mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxıldığı bildirilir.

Amerikanın Səsinin İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, siyasi fəal bu gün aprelin 11-də 400 milyon tümənlik zəmanət qarşılığında sərbəst buraxılıb.

Tehran Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında Əlirza Fərşi və Tehranda yaşayan 4 digər dil hüquqları fəalının kassasiya şikayətinə baxmışdı. Keçən yanvar ayında məhkəmə tərəfindən fəalların hər birinə qarşı 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzası çıxarıldı.

Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Fərşi dil hüquqları sahəsində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs, işdən qovulma və digər basqılara məruz qalıb.

Amnesty International 2018-ci ilin fevral ayında Dünya Ana Dili Günü münasibətilə yayımladığı bəyanatda Əlirza Fərşini belə təqdim edib: “O, cəsurdur. Azlıqların hüquqlarının təmin edilməsi üçün kampaniyalar təşkil edir.”

Keçən bir neçə həftə ərzində koronavirusun İran həbsxanalarında yayılmasını önləmək məqsədilə ölkənin müxtəlif vilayətlərində minlərlə məhbus məzuniyyətə göndərilib.

Həmin istiqamətdə İran Azərbaycanı və Tehranda bir neçə türk fəal müvəqqəti azadlığa buraxılsa da, Abbas Lisani, Lətif Həsəni, Kazım Səfabəxş və Tovhid Əmir-Əmini kimi fəallara məzuniyyət haqqı hələ verilməyib.

Mart ayının 11-də İran Azərbaycanı və Tehranda fəaliyyət göstərən bir qrup milli fəal, yazar və ictimai xadim İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayaraq, həbsxanalarda koronavirus təhlükəsinə diqqət çəkiblər.

XS
SM
MD
LG