Accessibility links

Əlirza Fərşinin təhlükəsizlik qüvvələri və məhkəmə müstəntiqnə qarşı şikayəti təmin edilməyib


Əlirza Fərşi
Əlirza Fərşi

Güneyli türk dili hüququ fəalı Əlirza Fərşinin Təhlükəsizlik qüvvələri və məhkəmə müstəntiqinə qarşı şikayətinə məhkəmə tərəfindən iddianın təmin olunmaması haqda qərar verilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Tehran Həbsxanasında saxlanılan güneyli siyasi məhbus Əlirza Fərşi həbsxanadan göndərdiyi bir səs qeydində bu haqda məlumat verib.

Xüsusi Din Xadimləri Məhkəməsinin 2-ci şöbəsi tərəfindən hazırlanan və fevral ayının 20-də siyasi məhbus Əlirza Fərşiyə verilən məhkəmə bildirişinə görə, fəalın Evin Həbsxanası Prokurorluğunun 3-cü şöbəsinin məhkəmə müstəntiqi və İran hökumətinin Kəşfiyyat İdarəsinin təhlükəsizlik qüvvələrinə qarşı irəli sürdüyü şikayət ilə əlaqədar məhkəmə tərəfindən iddianın təmin edilməməsinə qərar verilib.

Milli fəal Əlirza Fərşi Evin Prokurorluğunun 3-cü şöbəsinin məhkəmə müstəntiqi və İran hökumətinin Kəşfiyyat İdarəsinin təhlükəsizlik qüvvələrinin ona qarşı qanunsuz və pis davranışları ilə əlaqədar şikayət etmişdi.

Fərşi həbsxanadan göndərdiyi səs qeydində deyib ki, "İranın məhkəmə sistemində heç bir güc təhlükəsizlik ittihamları ilə əlaqədar suçların hakimlərin və təhlükəsizlik qüvvələrinin iradəsinin qarşısında dura bilmir."

Neçə gün əvvəl Əlirza Fərşi fevralın 15-də göndərdiyi digər bir səs qeydində Tehran Məhkəməsinin 3-cü istintaq bölməsində "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə onlayn şəkildə mühakimə olunmasını bildirib və məhkəmə iclasını və prosesini qanunsuz adlandıraraq etiraz etmişdi.

Hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

XS
SM
MD
LG