Accessibility links

"Ən birinci etiraf etmək lazımdır ki, bu problem bizim ölkədə var"


Qadın hüquqları fəalı Şəhla İsmayıl Amerikanın Səsinə müsahibəsində qadınlara qarşı zorakılığın yaranma səbəbləri və bu problemlərin aradan qaldırılması metodlarından danışıb.

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Amerikanın Səsinə müsahibəsində qadınlara qarşı zorakılığın yaranma səbəbləri və bu problemlərin aradan qaldırılması metodlarından danışıb.

Amerikanın Səsi: Şəhla xanım, dünyada hər ilin noyabrında Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə günü qeyd edilir. Sizin fikrinizcə qadınlara qarşı zorakılığın səbəbləri nədir?

Şəhla İsmayıl: Qadınlara qarşı zorakılığın səbəbləri həddindən artıq çoxdur. Mənə elə gəlir ki, zorakılıqlar insana yönəlik səbəblərdən baş verir. Belə ki, insanların ünsiyyət bacarıqları, danışıq bacarıqları, dözümlülük bacarıqları yoxdur. Getdikcə daha da daralır. Bu bilavasitə ölkədə olan müəyyən sosial-iqtisadi gərginliklə də bağlıdır. İnsanların gündəlik qayğıları o qədər çoxalır ki, onlar bir-birinə rəftarda artıq səbrlə deyil, daha zorakı üsullara əl atmaqla keçinirlər.

Amerikanın Səsi: Qadın zorakılığı Azərbaycanda daha çox hansı formalarda təzahür edir?

Fiziki, cinsi zorakılıq məhz psixoloji zorakılıqdan doğan formalardır.

Şəhla İsmayıl: Bilirsiniz ki, qadınlara qarşı zorakılığın daha çox 4 klassifikasiyası var. Bu, psixoloji, iqtisadi, fiziki və cinsi zorakılıqdır. Azərbaycanda bunların hər 4 növü mövcuddur. Amma bəzi növlərinə daha çox rast gəlinir. Belə ki, fiziki zorakılıq və psixoloji zorakılıq daha çox yayılmış hallardandır. Biz fiziki zorakılığı müəyyənləşdiririksə və buna qayda-qanun çərçivəsində müəyyən cəzalar verilirsə, insanlar qurban kimi sayılırsa, ondan fərqli olaraq psixoloji zorakılıq təsnif edilmir, ayırd edilmir. Bir çox ailələrdə psixoloji zorakılıq demək olar ki, aktual bir mövzu olmasına baxmayaraq, insanlar bunu müəyyənləşdirmir. Bunu norma kimi qəbul edir. Halbuki bu ən çox yayılmış növlərdən biridir ki, məhz bu, daha ciddi formalara gətirib çıxardr. Fiziki, cinsi zorakılıq məhz psixoloji zorakılıqdan doğan formalardır.

Şəhla İsmayıl: Birinci etiraf etmək lazımdır ki, bu problem bizim ölkədə var
please wait

No media source currently available

0:00 0:06:27 0:00

Amerikanın Səsi: Bəs bununla bağlı statistika necədir? Zorakılığa məruz qalan qadınların sayı artır, yoxsa azalır? Tendensiya necədir?

Şəhla İsmayıl: Elə məsələ də burasındadır ki, Azərbaycanda statistika mövcud deyil. Baxmayaraq ki, artıq cəhdlər var, statistika yaradılsın. Yəni məlumat bazasının toplaşdırılması ilə bağlı cəhdlər var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi artıq məlumat bazasının yaradılması ilə bağlı müəyyən işlərə başlayıb. Amma statistika bilavasitə mövcud deyil. Məhz buna görə bizim təşkilat da daxil olmaqla, bir neçə təşkilat müəyyən vaxtlarda statistikanın öyrənilməsi ilə bağlı müəyyən cəhdlər edib. Biz 2016-2017-ci illərdə araşdırma aparmışıq. Biz qadınlara qarşı zorakılığın miqyasını ölçmək və qadın qətllərini müəyyənləşdirmək istəyirdik. Orada əsasən iki üsuldan istifadə eləmişik - media və Daxili İşlər Nazirliyinin kriminal xronikasının monitorinqini aparmışıq. Həmin iki mənbəyə əsasən deyə bilərəm ki, bizdə olan rəqəmlərə görə tendensiya artmaqdadır. Belə ki, biz 6 ili müşahidə elədik. 2010-cu ildə əgər 91 qətl baş veribsə, 2016-cı ildə 110 qətl qeyd olunub. Bu da artıq kifayət qədər artım deməkdir. Düzdür, burada belə bir məlumat yox idi ki, qətlərin hamısı ailə-məişət zəminində baş verib. Amma böyük ehtimalla məişət zorakılığının payı olduqca çox böyükdür. Qətllərdən əlav, sui-qəsdlər də var ki, bizim diqqətimizi cəlb etdi. Orada da rəqəmlər eyniylə çox böyük bir artma tendensiyası ilə oldu. 2010-cu ildə sui-qəsdlə bağlı bu rəqəm 89 idisə, 2016-cı ildə 121 idi.

Amerikanın Səsi: Qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və bu problemi aradan qaldırmaq üçün dövlət qurumları, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri hansı addımlar atır, bu addımların effektivliyi nə qədərdir?

Şəhla İsmayıl: Ən birinci etiraf etmək lazımdır ki, bu problem bizim ölkədə var. Bu problemlə əlaqəli çoxşaxəli, iri bir proqram lazımdır. Buna ehtiyac var. Bu proqram bütün səviyyələrdə olmalıdır. İlk öncə biz qiymətləndirmə aparmalıyıq. Biz məsələnin nə qədər böyük bir miqyaslı olmasını ölçməliyik. Bununla bağlı konkret rəqəmlər əlimizdə olmalıdır. İkincisi, bunun aradan qaldırılması, bir də bu mövcud olarsa, fəsadlarının aradan qaldırılması ilə bağlı insanlara yardım edilməlidir. Təbii ki, problemin aradan qaldırılması həm qiymət baxımıdan, həm də büdcə baxımından daha sərfəlidir. Preventiv tədbirlər kimi mümkün qədər tez maarifləndirməyə ehtiyac var. Mümkün qədər tez, erkən yaşlardan başlayaraq, təhsil ocaqlarında, hətta məktəbəqədər təhsil ocaqlarında xüsusi proqramlar olmalıdır ki, yeni nəsillər fərqli baxışla böyüsün. Daha sonra bu hal baş verərsə qadının, ümumiyyətlə zərərçəkmiş tərəflərin ehtiyaclarını, travmanı aradan qaldırmaq üçün müəyyən tədbirlər görülməlidir.

Amerikanın Səsi: Sizcə bundan sonra nələr edilməlidir? Çıxış yolunu nədə görürsünüz?

Effektivliyi artırmaq üçün dayanmadan, daimi dayanıqlı proqramlar olmalıdır.

Şəhla İsmayıl: Çıxış yolu odur ki, ilk növbədə bütün tərəflər səylərini səfərbər etməlidir. Bundan təkcə dövlətin deyil, digər tərəflərə də pay düşür. Belə ki, media qurumları, QHT-lər, akademik institutlar birlikdə məsələyə baxmalıdır, müzakirə etməlidir. Hər birinin töhfəsi olmalıdır. Maarifləndirməyə çox böyük fokus verərdim. Effektivliyi artırmaq üçün dayanmadan, daimi dayanıqlı proqramlar olmalıdır. Eyni zamanda zorakılıq baş verərsə, dediyim kimi qurbana yönəlik tədbirlər, eyni zamanda da günahkarların cəzalandırılması ilə bağlı çox ciddi tədbirlər olmalıdır. Yəni mühafizə orderinin (məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt) verilməsi daha sərtləşdirilməlidir, yerli qanunvericiliyin verdiyi imkanlardan tam olaraq istifadə olunmalıdır. Həm də beynəlxalq konvensiyaların verdiyi imkanlardan yararlanmalıyıq. Belə ki, İstanbul Konvensiyasına (1 avqust 2014-cü ildə Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası qüvvəyə minib-red) Azərbaycan qoşulmaldır. Orada olan şərtlərə də riayət etməlidir və həmin imkanlardan istifadə etməlidir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG