Accessibility links

Ərəb turistlərin sayı azalır, çinli turistlər artır


Azərbaycanda yeni turizm mövsümü başlayır. Amma bu sahədə çalışanların gözləntisi hələ ki, özünü doğrultmayıb. Onlardan biri, Bakının mərkəzində suvenir satan Tərlan Bağırov deyir ki, əsas qazancları ərəb turistlərdən idi. Amma son 3 aydır Bakıya gələn ərəb turistlərin sayı xeyli azalıb:

“Axır zamanlar lap azalıb. İki-üç il əvvəl üzü yaza-yaya doğru çox gəlirdilər. Ailələri ilə birlikdə, bizim üçün də yaxşı olurdu”.

Tərlan Bağırov deyir ki, ərəb ölkələrindən olan turistlər digər ölkələrlə müqayisədə daha səxavətli olurlar. Onlarla alverləri yaxşı gedir. İndi bu ölkələrdən gələnlərin azalmağı işlərinə də təsir edib.

Rəsmi statistika da ərəb turistlərin azaldığını göstərir. Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvarına olan statistik məlumatlardan görünür ki, ölkəyə gələn ümumi turistlərin sayı 3 faiz artıb, amma Körfəz ölkələrindən gələnlərin sayı 13 faiz azalıb.

Komitənin məlumatına görə, bu ilin yanvarında Azərbaycana 143 ölkədən 191 min xarici vətəndaş gəlib. Misir, Pakistan, Türkmənistan, Hindistan, Çin, Cənubi Koreyadan gələnlər artıb. Ərəb ölkələrindən gələnlər isə azalıb. Azərbaycana gələn turistlərin ilk üçlüyünü Gürcüstan, Türkiyə və İran təşkil edir.

Turist kimi qeydə alınanların çoxu vətənə gələnlərdir

Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov fed.az saytına deyib ki, turist kimi qeydə alınanların çoxu öz vətənlərinə ziyarətə gələn azərbaycanlılardır. Onun sözlərinə görə, Azərbaycana real turist axını Körfəz ölkələrindən idi. Lakin yanlış siyasətə görə onlar itirildi.

Dövlət Turizm Agentliyindən bu deyilənlər və turizmlə bağlı digər suallarımıza cavab ala bilmədik.

Prezident İlham Əliyev tez-tez öz çıxışlarında turizmin inkişafının hökumətin əsas hədəflərindən olduğunu bildirir. Elə fevralın 12-də Real TV-yə müsahibəsində də turizmdən danışıb. Bildirib ki, infrastruktur olmayan yerə, turist gəlməz. Ona görə də hökumət hava limanları, dəmir yolları, xidmət sturukturları, bir sözlə, turizmin inkişafına gərəkli olan bütün infrastrukturu yaratdı.

Bakıda Turizm şirkətlərindən birinin sahibi, turizm üzrə mütəxəssis Rəvan Qulamlı da razılaşır ki, son illər bu sahədə bir xeyli irəliləyiş var. Əsəsən də daha ucuz qiymətlərlə otellərin tapılması, rəqabətli mühit problemi öz həllini tapır. Lakin onun sözlərinə görə Azərbaycan hələ də turizmdə qonşu Gürcüstana uduzur:

“Məsələn, bizim Gürcüstanda əməkdaşlıq etdiyimiz turizm şirkətləri var. Onlar hansısa Avropa İttifaqı ölkələrindən turist dəvət edəndə yol xərci cəmi 100-170 avro olur. Amma Azərbaycanda bu məbləğ 400 avrodan başlayır. Ona görə də bir çox turist məhz Gürcüstanı seçir”.

Rəvan Qulamlının fikrincə, turizmi inkişaf etdirmək üçün ilk öncə təyyarə biletləri, otel otaqları sərfəli qiymətə olmalı, viza və digər məsələlər yoluna qoyulmalıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Bir neçə il öncə hökumət ərəb turistlərin Azərbaycana gəlməsi şərtlərini sadələşdirdi. Onlara elə hava limanındaca viza verilməsinə başlandı. Bu öz nəticəsini verdi, ölkəyə gələn turistlərin sayı xeyli artmışdı.

İndi hökumət daha çox Çindən olan turistləri ölkəyə cəlb etməyə çalışır. Dövlət Turizm Agentliyi Fuad Nağıyev deyib ki, yaxın illərdə Azərbaycana həmin ölkədən gələn turistlərin sayı 200 min nəfərə çata bilər.

Hər halda hökumətin apardığı turizm siyasəti özünü doğrulda biləcəkmi? Bunu zaman göstər'r. Hələliksə, müxbirlərimizin Bakıdakı müşahidələrinə görə, ötən illərlə müqayisədə Bakı küçələrində turist sayı xeyli azalıb.

XS
SM
MD
LG