Accessibility links

Ərdəbildə hər 3 evlilikdən biri boşanma ilə nəticələnir


Ərdəbil vilayətinin Qeydiyyat İdarəsinin baş direktorunun bildirdiyinə görə, vilayətin boşanma statistikaları ölkə üzrə orta səviyyədən daha yüksəkdir.

İSNA xəbər agentliyinə istinadən, Ərdəbil vilayətinin Qeydiyyat İdarəsinin baş direktoru Şəhram Rəsuli bildirib ki, ölkədə boşanma nisbəti 3.2, Ərdəbil vilayətində isə 3.5 təşkil edir ki, bu da qeydə alınan hər üç nikahdan birinin boşanmaqla nəticələndiyini göstərir. Rəsmi statistikaya görə, illik boşanma sayına görə Ərdəbil vilayəti ölkədə birinci yerdədir.

İzdivac və boşanma bürolarının başqanı yanvarın 25-dən etibarən artıq ölkədə nikahın pozulmalarının qeydiyyatının kvota şəkildə nəzərdən keçiriləcəyini bildirib. Hər vilayətdə boşanma büroları müəyyən sayda nikah pozma qeydə ala biləcəklər. Ərdəbil vilayətində hər evlilik və nikah pozma bürosu gündə maksimum 192 nikah pozma halını qeydə ala bilər.

İran rəsmiləri bu qərarın məqsədinin evlilik və nikah pozma bürolarının ailə məhkəmələri ilə "sövdələşməsinin" qarşısını almaq olduğunu söyləsələr də, bəzi siyasi ictimai fəallar hesab edir ki, bu, İranda artan boşanmaların sayını az göstərmək üçün həyata keçirilir.

Ədrəbil vilayətində boşanma sayı ölkədə ortalama saydan çox olsa da, ölkə səviyyəsində boşanma statistikasında yüksək artım müşahidə olur. Boşanma nisbətinin nikaha görə artmasının səbəblərindən biri də son illərdə evlilik nisbətlərinin azalmasıdır. İqtisadi qeyri-sabitlik evliliyin azalmasının əsas səbəblərindən biridir.

Hüquqşünas Mehri Cəfəri Amerikanın Səsinə bu mövzü ilə bağlı bildirib ki, "ayrı-seçkilik olan bir icmada qadınlar öz haqları ilə bağlı məlumat əldə etdikdən sonra artıq keçmiş vəziyyətdə yaşamaq onlar üçün daha çətin olur".

Mehri Cəfərinin dediklərinə görə, İran hökumətinin nikah pozma bürolarına kvota qoyması problemə daha səthi yanaşdığını və məsələni rəqəmlərlə örtbasdır etmək istədiyini göstərir. O, İran hökümətinin boşanmaları qeydə almaqla əlaqədar qəbul etdiyi təlimatın elmə və hüquqa zidd, eləcə də dünya standartlarına uyğun olmayan bir qərar olduğunu deyib.

"Qadınların haqlarının pozulması və qadın-kişi münasibətində ayrı-seçkilik və yaxud iqtisadi şəraitdən qaynaqlanan ailələrin yaşayış səviyyəsinin aşağı düşməsi boşanma sayısının çoxalma səbəblərindən ola bilər" - deyə, o bildirib.

Ərdəbil vilayətinin Meşkinşəhr şəhərindən olan və hal-hazırda Londonda yaşayan güneyli hüquqşünas boşanma statistikasının azalması üçün hakimiyyətin mütəxəssislərdən faydalanaraq, "nikahların pozulması sayının çox olduğu vilayətlərdə tədqiqat aparıb, problemin səbəblərini elmi şəkildə dəqiqləşdirməsinin" vacibliyini qeyd edib.

XS
SM
MD
LG