Ərdəbil şəhərində yaşayan milli fəal Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən həmin şəhərin Kəşfiyyat İdarəsinə çağırılıb.
Günaz TV saytında dərc olunan məlumata görə, dekabr ayının 11-də İranın təhlükəsizlik qüvvələri Ərdəbil sakini olan milli fəal Meysəm Colaninin atası evinə basqın edərək axtarış aparıblar, ancaq Meysəm Colani evdə olmadığı üçün onu həbs edə bilməyiblər.
Fəalın yaxınlarının verdiyi məlumata görə, Kəşfiyyat İdarəsinin agentləri Meysəm Colanini həbs edə bilmədikdən sonra telefon vasitəsilə onu Ərdəbil Kəşfiyyat İdarəsinə çağırıblar.
HRA xəbər agentliyində yayılan məlumata görə, Meysəm Colani təhlükəsizlik qüvvələrinin çağırışını məhkəmə orderi olmadığı üçün qeyri-qanuni hesab edib və idarəyə getməyi rədd edib. Milli fəal onun bu idarəyə müraciəti ilə əlaqədar məhkəmə orderi göndərilməsini tələb edib.
İndiyədək fəalın bu idarəyə çağırılması və atasının evində aparılan axtarışın səbəbi ilə əlaqədar heç bir məlumat yayılmayıb.
Meysəm Colani Ərdəbil Cinayət Məhkəməsi tərəfindən 4 ay həbs və 20 qamçı cəzasına məhkum edilmişdi. Həmin hökmü Apellyasiya Məhkəməsi bir il müddətində dayandırıb. Colaniyə verilən hökm İkinci Qarabağ Müharibəsi zamanı Ərdəbildə Azərbaycana dəstək mitinqlərində həbs edilməsi və ardından “hay-küy və qarışıqlıq yaradaraq ümumi intizam və asayişi pozmaq” ittihamından suçlanması ilə əlaqədar olub.
Güneyli milli fəal Meysəm Colani indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və apardığı fəaliyyətlərdən dolayı müxtəlif cəzalara məhkum edilib.