Accessibility links

Ərdəbildə uşağa adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi verilmir


İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan sənətkar Səccad Colaninin uşağına ailəsi tərəfindən türkcə bir ad seçildiyi üçün şəxsiyyət vəsiqəsi verilmir.

Ərdəbilli milli fəal və sənətkar Səccad Colani öz İnstagram səfhəsində yayımladığı videoda bu barədə məlumat verib.

Güneyli sənətkar Səccad Colani Ərdəbil şəhərinin Vətəndaşlıq Qeydiyyatı İdarəsinin qarşısında bir video yayımlayaraq, iki aylıq səylərinə baxmayaraq övladının ad hüququndan məhrum edildiyini söyləyib.

O, videoda Vətəndaşlıq Qeydiyyatı İdarəsinin vəzifəli şəxslərinin ona dediyi sözləri açıqlayıb. Onların dediyinə görə, Colaninin uşağına vermək istədiyi türkcə adı araşdırmaq üçün Tehrandakı Fars dili müəllimi olan üç nəfərlik bir heyətə göndəriblər.

İdarənin səlahiyyətliləri bunları deyib: "Tehranda tələb olunan adın təsdiqlənməməsi şifahi olaraq elan edilib və uşağın ailəsinə rəsmi bildiriş göndərilənə qədər başqa bir ad seçmək və dəyişdirmək barədə düşünməlidirlər."

Ailəsi qızlarına Ayıl adını seçsə də, uşağın atası Səccad Colani İran hökumətinin həm adın türkcə olması, həm də onun anlamına görə bu ada icazə verilmədiyi qənaətindədir.

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu birinci dəfə deyil ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsi türkcə adların uşaqlara verilməsinə qarşı çıxır. Daha öncə də Qərbi Azərbaycan vilayətinin Tikantəpə (Tekab) şəhərində yaşayan bir ailənin Onur adlı uşağına 3 ildən sonra hələ də şəxsiyyət vəsiqəsi verilmədiyi barədə məlumat yayılmışdı.

İnsan haqları sahəsində fəaliyyət göstərən Ərk Cəmiyyəti Ərdəbil şəhərində yaşayan Səccad Colaninin öz uşağına ad qoyma haqqının sahibliyi barədə onun istəyini beynəlxalq insan haqları cəmiyyətlərinə bildirib. Ərk cəmiyyəti Səccad Colaninin danışdığı videonu ingiliscə altyazı və bir hesabatla birlikdə Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatını Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG