Accessibility links

Ərdoğanın oxuduğu şeir İran parlamentində gərgin müzakirələrə səbəb olub


İran parlamenti

İran parlamentində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda "Zəfər Paradı"nda söylədiyi Araz bayatısı gərginliyə səbəb olub.

Dekabrın 13-də parlamentin açıq iclasında deputat Mahmud Əhmədi Biğəş türk bölgələrinin millət vəkillərinin Türkiyə prezidentinin Bakıda oxuğu şeirə "passiv" qaldıqları və "sükut" etdiklərini söyləyərək sərt tənqid edib.

"Nədən bu millətvəkilləri sükut ediblər" deyən İranın Ərak vilayətinin Şazənd şəhərinin nümayəndəsi İran Azərbaycanının millət vəkillərinin Türkiyə prezidenti Ərdoğanın Bakıdakı oxuduğu bayatıya təpkisiz qaldığını iddia edərək sərt tənqidlər irəli sürüb."Ərdoğanın keçən həftə bəzi opportunistlər üçün İranın parçalanmasının rəmzi olan Araz-Araz şeirini oxuduğunu bilirsinizmi? Ərdoğanın güstaxlığına cavab verəcək kimsə yoxdurmu? Siz İran xalqının nümayəndələri sərhədləri qorumaqla məsulsunuz, Azəri nümayəndələrin qeyrəti haradadır?" - deyə, İranlı deputat söyləyib.

İranın Khabaronline xəbər agentliyi Şazənd millət vəkilinin İranın sabiq prezidenti Mahmud Əhmədihejada yaxın olduğunu qeyd edib.

Parlamentin türk bölgələrinin nümayəndələri Biğəşin çıxışına etiraz olaraq parlamentin rəyasət heyəti qarşısında toplaşaraq, Şazənd millət vəkilinin ifadələrinə cavab vermək üçün vaxt verilmədiyi təqdirdə parlamenti tərk etməklə təhdid ediblər.


Tehran millət vəkili Seyid Möhsün Dehnəvi parlamentin 225 deputatının imzaladığı bəyanatı oxuyub. Bəyantada Türkiyə prezidentinin oxuğu Araz bayatısının "bölücü" xarakter daşıdığı və "qəbuledilməz" olduğu qeyd edilib.

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf iclasda iştirak etmədiyi üşün onun vəzifəsini icra edən Əmir Hüseyni Qazizadə Haşimi deyib ki, "burada edilən çıxışlar həmkarlarımızın şəxsi fikirləridir və heç bir halda parlamentin və dövlətin mövqeyi deyil."

Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsinin başa çatması münasibətilə keçirilən "Zəfər Paradı"nda Araz adlı bayatını oxuması İran rəsmiləri, o cümlədən ölkənin Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin etirazına səbəb olub. İranın Xarici İşlər Nazirliyi Türkiyənin ölkədəki səfirini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı "müdaxilə" xarakterli bəyanatına görə nazirliyə çağırdığını bildirib. “Türkiyə səfirinə, İran İslam Respublikasının heç kimin ərazi bütövlüyünə müdaxilə etməsinə icazə vermədiyi söylənib”, İran XİN sözçüsü Səid Xətibzadə deyib.

İran Azərbaycanında vətəndaşlar İran Xarici İşlər Nazirliyinin etirazına qarşı Ərdoğanın Bakıda Araz çayı haqda oxuduğu bayatıya dəstək kampaniyası başladıb.

XS
SM
MD
LG