Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə valyutasının kəskin aşağı düşməsilə ilə əlaqədar yaranmış böhranı Türkiyə iqtisadiyyatına hücum kimi qiymətləndirib. “İqtisadiyyatımıza qarşı hücumun əzanımıza və bayrağımıza hücumdan heç bir fərqi yoxdur. Məqsəd aydındır. Məqsəd Türkiyəni və türk xalqını diz üstə çökdürməkdir, əsir etməkdir”, Ərdoğan Qurban bayramı münasibətilə açıqladığı mesajında bildirib.
Lakin Türkiyə prezidenti deyib ki, “biz boyununa boyunduruq vurulmasındansa boynunun vurulmasını üstün tutan bir xalqıq”.
Türk xalqının “minlərlə ildir bütün vəziyyətlərdə birlik içində qalmaq gücünü” qeyd edən Ərdoğan son illərdə “qarşılaşılan hər bir hücum, hər çevriliş cəhdinin bunun sayəsində” aradan qaldırıldığını deyib.
İqtisadiyyatımıza qarşı hücumun əzanımıza və bayrağımıza hücumdan heç bir fərqi yoxdur. Məqsəd aydındır. Məqsəd Türkiyəni və türk xalqını diz üstə çökdürməkdir, əsir etməkdir
ABŞ və Türkiyə arasında amerikalı pastorun həbsi ilə əlaqədar yaranmış mübahisənin kəskinləşməsi Türkiyə iqtisadiyyatında böhranın daha da dərinləşməsinə gətirib çıxarıb. Türkiyə valyutası ABŞ dollarına nisbətdə dəyərini 40 faiz itirib.
ABŞ-ın Maliyə Nazirliyi pastor Endrü Bransonun həbsdə saxlanılmasına cavab olaraq bu ayın əvvəli Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib.
Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Türkiyə poladı və alüminiumuna tarifləri iki dəfə artırıb. Ərdoğan tariflərə cavab olaraq, Amerikadan bir sıra mallara tarifləri artırıb.
Türkiyə güclənməkdə olan dollardan çox asılıdır. Valyutanın kəskin dəyər itirməsi Türkiyənin onsuz da yüksək inflasiya səviyyəsinin daha da artmasına gətirib çıxara bilər. Bu da ən böyük narahatlıq doğuran məsələlərdən biridir. Türkiyə iqtisadiyyatı əsas etibarilə xaricdən importa, xüsusilə də enerji idxalına əsaslanır.