Accessibility links

Ərdoğan İstanbulda yenidən seçki keçirilməsini dəstəkləyir


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbulda son 25 ildə ilk dəfə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbəsi ilə nəticələnən bələdiyyə seçkilərinin yenidən keçirilməsini dəstəklədiyinə işarə edib.

31 martda keçirilən seçkidə Ankaranın nəzarətini də itirən Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyənin Ali Seçki Komissiyasına (YSK) şikayət ərizəsi təqdim edib və İstanbulda seçki pozuntularının olduğunu iddia edərək, nəticələrin ləğv olunmasını, seçkinin yenidən keçirilməsini tələb edib.

YSK-nın AKP-nin tələbi ilə bağlı bazar ertəsi qərar verəcəyi gözlənilir, lakin komissiya müvəqqəti qərarında artıq İstanbuldakı seçki rəsmilərinə rayonlarındakı seçki qutularına nəzarət edən rəsmilərini təhqiq etməyə dair göstəriş verib.

Əkrəm İmamoğlu
Əkrəm İmamoğlu

Prokurorlar cümə axşamı İstanbulda iddia olunan seçki pozuntuları ilə bağlı istintaqlar başladıb və 100-dən çox seçki məntəqəsi rəsmisini şübhəli qismində dindirilməyə çağırıb. CHP bu addımın səsvermənin nəticələrini dəyişdirməyəcəyini bildirib.

İstanbulda türkiyəli biznesmenlərin önündə çıxış edən Ərdoğan deyib ki, İstanbulda seçki pozuntuları qeydə alınıb və o, YSK-nı mübahisələrə son qoyacaq və “adını təmizə çıxaracaq”qərar verməyə çağırıb.

“Mənim adamların mənə deyir ki, seçkilər yenidən keçirilməlidir. Mən indiyə kimi bu barədə danışmamışam, susmuşam. Amma başqa hər kəs danışıb. Artıq yetər”, Ərdoğan deyib.

“Burada bir çəkişmə var, bu aydındır. Qanunauyğunsuzluq olub, bu da aydındır. Xalqdan soruşmaq və onların istəklərini dinləmək lazımdır, nəticə nə olursa olsun, biz qəbul edəcəyik”, o əlavə edib.

Ərdoğan seçki kampaniyası zamanı müxalifəti “terroru” dəstəkləməkdə günahlandırıb və bələdiyyə seçkilərini Türkiyə üçün “sağ qalmaq məsələsi” kimi dəyərləndirib.

CHP-nin sözçüsü Faik Öztrak daha sonra şənbə günü müxbirlərə deyib ki, artıq Ərdoğan və AKP-nin məğlubiyyəti qəbul etmək vaxtıdır.

Mənim adamların mənə deyir ki, seçkilər yenidən keçirilməlidir. Mən indiyə kimi bu barədə danışmamışam, susmuşam. Amma başqa hər kəs danışıb. Artıq yetər.
Rəcəb Tayyib Ərdoğan

“YSK-nın adını təkcə bir şey təmizə çıxara bilər. Bu da nizamlamalar və daha öncəki qərarlara əsaslanaraq hərəkət etməkdir”, o söyləyib.

CHP lideri Kemal Kılıçdaroğlu cümə günü deyib ki, İstanbul seçkiləri demokratiyanın sınandığı seçkiyə çevrilib. O, AKP-ni seçkinin yenidən keçirilməsinə dair qərar çıxarması üçün YSK-yə siyasi təzyiq göstərməkdə ittiham edib.

Ərdoğan deyib ki, onun partiyası sadəcə olaraq qanuni haqlarından istifadə edir.

“Tayyib Ərdoğanın haqqı olmadığı seçkini oğurlamağa çalışdığını demək ən böyük təhqirdir. Biz təhdid etmirik, sadəcə gözləyirik”, Ərdoğan deyib.

CHP-nin namizədi Əkrəm İmamoğlu ötən ay İstanbulun yeni meri olaraq vəzifəsinin icrasına başlasa da, AKP şəhərdəki 39 rayondan 25-də qalib gəlib və bələdiyyə şurasındakı yerlərin əksəriyyətini qazanıb. AKP bunun seçki pozuntularının olduğunu sübut etdiyi bildirib.

Şənbə günü tərəfdarları önündə çıxış edən İmamoğlu AKP-nin şikayətlərinin əsassız olduğunu söyləyib.

“25 rayonda hər şey təmizdir, bələdiyyə şurasının səsləri əladır, amma merliyə gəldikdə qanunauyğunsuzluq var. Biz buna yalnızca gülə bilərik”, İmamoğlu deyib.

XS
SM
MD
LG