Accessibility links

Ərdoğan Putinlə görüşdə atəşkəsə ümid edir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə həftənin sonunda görüşü zamanı Suriyada atəşkəs mövzusunda bir razılaşma əldə edəcəyinə ümid bəslədiyini söyləyib.

"Cümə axşamı Moskvaya cənab Putinlə Suriyadakı hadisələri müzakirə etmək üçün gedəcəyəm. Ümid edirəm ki, orada atəşkəs kimi lazımi tədbirləri görəcək və bu işə həll tapacağıq," Ərdoğan Ankarada çıxışı zamanı bildirib.

Türkiyə keçən həftə hava hücumu nəticəsində əsgərlərinin öldürülməsindən sonra başladığı cavab əməliyyatında bazar günü Suriya ordusunun müdafiə sistemləri və 100-dən çox tankını məhv etdiyini, iki təyyarəsini vurduğunu bildirib.

Suriyanın şimal-qərbində gərginlik Türkiyənin dəstəklədiyi üsyançılar və Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələri arasında döyüşlərin iki regional güc arasında birbaşa qarşıdurma riski yarada bilməsinə görə artıb.

Ankara və Moskva arasında gərginliyin azaldılması məqsədilə diplomarik səylər Suriyanın şimal-qərbində üsyançıların doqquz ildir sürən vətəndaş müharibəsindən sonra sonuncu istinadgahı olan İdlib bölgəsində atəşkəsin əldə edilməsinə gətirib çıxarmayıb.

Ankara Türkiyənin 33 əsgərinin cümə axşamı Dəməşqin hücumları nəticəsində öldürülməsindən sonra Suriya ordusuna qarşı dron hücumları da daxil olmaqla hava hücumlarını artırıb. Cümə günü daha bir əsgərin ölməsindən sonra fevral ayında ölənlərin sayı 55-ə çatıb.

Suriya ordusu bazar günü Dəməşqin müttəqifi Moskvanın illərdir nəzarət etdiyi şimal-qərb bölgəsində hava hövzəsini pozan hər hansı təyyarəni vuracağı ilə hədələyib.

XS
SM
MD
LG