Accessibility links

Ərdoğan Srebrenitsa qurbanlarının xatirəsini anıb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sarayevoda Srebrenitsa qurbanlarının xatirəsini anır, 9 iyul, 2019.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sarayevoda Srebrenitsa qurbanlarının xatirəsini anır, 9 iyul, 2019.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Dünya Müharibəsindən sonra Avropada ən dəhşətli qətl hadisəsi olan Srebrenitsa qətliamının 24-cü ildönümünün tamam olmasından öncə Sarayevoda xatirə mərasimində iştirak edib.

Bosniya prezident idarəsi qarşısında keçirilən tədbirdə 1995-ci il 11-22 iyul tarixlərində qətl hadisəsinin kimliyi yeni müəyyən edilmiş 33 qurbanının xatirəsi anılıb. Onlar cümə axşamı günü Srebrenitsada keçiriləcək rəsmi mərasim zamanı dəfn ediləcəklər.

Keçmiş Yuqoslaviyada vətəndaş müharibəsi zamanı 1995-ci ilin iyul ayında BMT qüvvələri tərəfindən mühafizə olunan Srebrenitsada 8 mindən çox müsəlman kişi və oğlan Bosniya serblərinin hərbi qüvvələri tərəfindən qətlə yetirilib. Hadisə qurbanlarının çoxunun cəsədi Srebrenitsa yaxınlığındakı kütləvi məzarlıqda aşkar edilib. Lakin mindən çox insan hələ də itkin düşmüş hesab edilir.

“Bizim yeganə missiyamız uşaqlarımızın cəsədləri, sümüklərini tapmaq və müharibə cinayətkarlarının buna görə cavab verməsinə nail olmaqdır”, qətliamda iki oğlu və həyat yoldaşını itirmiş Munira Subasiç deyib.

Türkiyə prezidenti bu günlər Sarayevoda regional sammitdə iştirak edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya prezidentlik idarəsinin üzvü Jelko Komşiç, Makedoniya prezidenti Setevo Pendarovski Cənub Şərqi Avropa Əməkdaşlıq Prosesi Sammitinin başlamasından öncə foto çəkilişi zamanı, 9 iyul, 2019.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya prezidentlik idarəsinin üzvü Jelko Komşiç, Makedoniya prezidenti Setevo Pendarovski Cənub Şərqi Avropa Əməkdaşlıq Prosesi Sammitinin başlamasından öncə foto çəkilişi zamanı, 9 iyul, 2019.

Qətliam beynəlxalq məhkəmələrdə soyqırım kimi tanınsa da, Serbiya və Bosniya serblərinin rəsmiləri hadisənin belə adlandırılmasına etiraz etməyə davam edir.

Sarayevoda sammitdə iştirak edən Serbiyanın baş naziri Ana Brnabiç Srebrenitsanın “dəhşətli cinayət” olduğunu deyib, lakin hadisəni “soyqırım” adlandırmayıb.

Serbiyanın doqquz insan haqları qrupunun çərşənbə axşamı günü açıqladığı bəyanatda bildirilir ki, Serbiyada hakimiyyətdə olan heç bir liderin Srebrenitsada baş verənlərin etnik zəmində ən dəhşətli cinayət olduğuna dair beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş faktı qəbul etməməsi utanc doğurur.

XS
SM
MD
LG