Prezident Rəcəb Tayyib Ərdoğan bazar günü bildirib ki, Türkiyə kürdlərin nəzarətində olan Suriyanın Mənbic şəhərinin təhlükəsizliyinə nəzarəti ələ keçirməyə hazırdır.
Ərdoğanın ofisi prezidentin bazar günü, İŞİD-in şəhərə hücum edərək üç ABŞ əsgəri və amerikalı hərbi podratçı daxil olmaqla 19 nəfəri oldürməsindən bir neçə gün sonra ABŞ prezidenti Donald Trampla telefonda danışdığını bildirib.
Ərdoğan Trampa deyib ki, hücum onun "ABŞ qüvvələrini Suriyadan çıxarmaq qərarına təsir göstərmək məqsədi daşıyan təxribat" idi.
Ağ Ev Ərdoğanın Mənbiclə bağlı şərhlərini xüsusi olaraq vurğulamasa da, bildirib ki, iki prezident “bizim ortaq təhlükəsizlik narahatlıqlarımızı ünvanlayacaq razılaşdırılmış həll yolu tapmaqla bağlı razılığa gəlib”.
“Türkiyə Mənbic şəhərinin təhlükəsizliyinə nəzarəti ələ keçirməyə hazırdır” – deyə, prezident Rəcəb Tayyib Ərdoğan bazar günü bildirib.
Mənbicə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri və onların kürd yarı-hərbi birləşmələri olan YPG nəzarət edir.
Türkiyə YPG-nin uzun illərdir Türkiyə daxilində kürdlərin daha çox muxtariyyəti uğrunda döyüşən PKK ilə əlaqəsi olduğunu bildirir.
Türkiyə həm YPG, həm də PKK-nı terror təşkilatı hesab edir. Kürd yarı-hərbi dəstələri ABŞ-ın Suriyadan çıxmasından dərhal sonra Türkiyənin onlara qarşı hərbi hücum həyata keçirəcəyindən ehtiyat edir.
Tramp regionda təhlükəsizlik zonasının yaradılmasını təklif edib, amma bu təkliflə bağlı hələ detallar açıqlanmayıb.
Türkiyə öz sərhədində kürdlərin heç bir əraziyə nəzarət etməsini istəmir və bildirib ki, kürdlər hər hansı təhlükəsizlik zonasından çıxarılmalıdır.