Accessibility links

Ərdoğan: Trampla Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə etmişik


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Suriyanın daxilində sərhəd boyu təhlükəsizlik zonasının yaradılmasını müzakirə etdiyini bildirib. O, Trampla telefon söhbətini müsbət adlandırıb.

ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasını keçən ay elan edən Tramp bazar günü Twitter sosial şəbəkəsində yazdığı mesajında təhlükəsizlik zonasının yaradılmasını tövsiyə edib, lakin detallara varmayıb.

“Türkiyənin sərhədi boyunca bizim tərəfimizdən yaradılacaq təhlükəsizlik zonası da daxil olmaqla-xatırlasanız, mən bu məsələni Obama dövründən vurğulayırdım – bu təhlükəsizlik zonası onun tərəfindən 20 mil olaraq onun tərəfindən ifadə edildi” – deyə Ərdoğan parlamentdə çıxışında bildirib.

Ərdoğan daha sonra təhlükəsizlik zonasının 20 mildən (təxminən 32 kilometr) daha çox uzadıla biləcəyini deyib, lakin dəqiq rəqəm göstərməyib.

İki lider arasında telefon söhbəti ABŞ prezidentinin Twitter sosial şəbəkəsində yazdığı mesajında Türkiyəyə xəbərdarlığından sonra baş tutub. Tramp bazar günü yazıb ki, əgər ABŞ qüvvələri Suriyadan çıxandan sonra kürdlərə hücum etsə, Türkiyə iqtisadi fəlakətlə üzləşə bilər.

“Əgər Türkiyə kürdləri vursa, onları iqtisadi baxımdan viran edəcəyik. 32 kilometrlik təhlükəsizlik zonası yaradılmalıdır” - deyə, Tramp Twitter səhifəsində yazıb.

Ərdoğan deyib ki, Trampın mesajı onu məyus etsə də, telefon söhbəti müsbət tonda keçib.

Türkiyə ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxarmasından sonra İslam Dövləti qrupuna qarşı mübarizəni davam etdirməyə söz verib. Lakin Vaşinqton və Ankara arasında kürdlərin YPG qüvvələri ilə bağlı fikir ayrılıqları NATO üzrə iki tərəfdaş arasında münasibətlərdə gərginliyə səbəb olub.

Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri Birləşmiş Ştatların Suriya daxilində İŞİD militantlarına qarşı mübarizədə ən yaxın müttəfiqlərindən idi.

Türkiyə YPG-nin terror qrupu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) bağlı olduğunu bildirir. Bu səbəbdən də ABŞ-ın hərbi qüvvələrini Suriyadan çıxarmasından sonra Türkiyənin kürd döyüşçülərə hücum edəcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

XS
SM
MD
LG