Accessibility links

Ərdoğan: Xaşuqcinin qətli öncədən planlaşdırılmışdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə Ədalət və İnkişaf partiyasının üzvləri qarşısında çıxış edir. 23 oktyabr, 2018.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, ABŞ-da fəaliyyət göstərən səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli öncədən planlaşdırılıb və bu əməliyyatın həyata keçirilməsinə göstəriş verən insanlar da daxil olmaqla, onun ölümünə görə məsuliyyət daşıyan hər kəs cəzalandırılmalıdır.

Ölkə parlamentində çıxış edən Ərdoğan Xaşuqcinin İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunu ziyarət etməsindən bir gün öncə baş verən hadisələrin detallarını paylaşıb. O deyib ki, konsulluqda Xaşuqci ilə görüşmək üçün İstanbula bir neçə nəfərdən ibarət komanda gəlib və onlar binanın təhlükəsizlik kameraları sistemindən sərt diski çıxarıb.

Camal Xaşuqci konsulluğa daxil olur
Camal Xaşuqci konsulluğa daxil olur

Ərdoğan deyib ki, Xaşuqcinin nişanlısı Hatice Cengiz saatlarla konsulluq qarşısında gözləyəndən sonra Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edərək, Xaşuqcinin iradəsi olmadan orada saxlanıldığını və təhlükədə olduğunu bildirib.

Ərdoğanın sözlərinə görə, daha sonra konsulluqdakı diplomatik toxunulmazlıq səbəbilə istintaq yavaş irəliləyib. Lakin o deyib ki, Türkiyə polisi Xaşuqcinin Səudiyyə Ərəbistanının ilk əvvəl iddia etdiyi kimi binadan özünün çıxıb getmədiyinə əmindir.

Ərdoğan Türkiyə polisi və kəşfiyyat xidmətlərinin kiminsə səhvən ittiham edilməsinin qarşısını almaq və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliyini yerinə yetirmək üçün hərtərəfli istintaq aparmasının vacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu

Səudiyyə Ərəbistanı ötən həftə Xaşuqcinin konsulluqda öldüyünü etiraf edib. İlk öncə səudiyyəlilər bunun dava nəticəsində baş verdiyini söyləyib, daha sonra isə onun boğularaq öldürüldüyünü bildirib.

Ərdoğan çərşənbə axşamı deyib ki, Səudiyyə Ərəbistanı qətlin baş verdiyini etiraf etməklə mühüm addım atıb, lakin o, ölkə liderlərinin vəzifələrindən asılı olmayaraq bu məsələdə əli olan hər kəsi cəzalandıracaqlarını gözlədiyini deyib. Ərdoğan bildirib ki, bu məsələdə yalnız bəzi kəşfiyyat agentləri təqsirləndirilməməlidir. O həmçinin təklif edib ki, məhkəmə prosesləri İstanbulda keçirilsin, çünki Xaşuqci orada öldürülüb.

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmmən bin Salman
Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmmən bin Salman

Ərdoğanın çıxışından sonra məsələ ilə bağlı hələ bir neçə sual qalır. Bunlara Xaşuqcinin cəsədinin harada olduğu, səudiyyə komandasının İstanbula getməsinə kimin göstəriş verdiyi və Səudiyyə Ərəbistanının baş verənlərlə bağlı nə üçün müxtəlif versiyalar irəli sürdüyü daxildir.

Beynəlxalq ictimaiyyət bu müxtəlif versiyaların irəli sürülməsinə skeptik münasibət göstərib.

XS
SM
MD
LG