Accessibility links

Ərdoğan zəlzələnin baş verdiyi bölgəni ziyarət edib


Rəsmilərin verdiyi məlumata görə, Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı şənbə günü 22-də çatıb. Xilasetmə işçiləri hələ də dağılmış binaların altında ilişib qalan insanları axtarır.

Zəlzələnin episentri olan Elazığ vilayətində mətbuat konfransı keçirən daxili işlər naziri Süleyman Soylu 18 nəfərin Elazığda, dörd nəfərin isə qonşu Malatyada öldüyünü bildirib.

Təxminən 1103 nəfər yaralanıb, onlardan 34-ü reanimasiyada olsa da, vəziyyətləri kritik deyil. Bu barədə səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi əraziləri ziyarət edib və zəlzələ zamanı ölən bir ana ilə oğulun dəfn mərasimində iştirak edib. O insanları ölkənin zəlzələlərə hazır olmadığına dair mənfi “şayiələri” təkrarlamamağa çağırıb.

Ərdoğan zəlzələnin baş verdiyi bölgəni ziyarət edib
Ərdoğan zəlzələnin baş verdiyi bölgəni ziyarət edib

“Şayiələrə qulaq asmayın, heç kimin mənfi, əks propaqandasına qulaq asmayın və bilin ki, biz sizin qulluqçularınızıq”, Ərdoğan deyib.

Müxtəlif seismoloji idarələr zəlzələnin gücünün 6,5 ilə 6,8 bal arasında olduğunu bildirib. Türkiyənin Təbii Fəlakər və Fövqəladə Vəziyyətin İdarəsi Agentliyinin məlumatına görə, zəlzələ cümə günü yerli vaxtla axşam saat 8:55-də Elazığ vilayətinin Sivrice şəhəri yaxınlığında baş verib.

Zəlzələnin ardınca 398 yeraltı təkanlar olub. Onlardan ən şiddətlisi 5.4 bal gücündə olub.

Gecə zəlzələnin baş verdiyi bölgədə temperatur mənfiyə endiyi üçün fövqəladə hallar işçiləri və təhlükəsizlik qüvvələri insanlar üçün çadırlar qurub, onları yataq və ədyallarla təmin edib. Evlərindən çıxan insanlar məscidlər, məktəblər, idman zalları və tələbə yataqxanalarına sığınıb.

“Zəlzələ çox güclü idi. Biz çarəsiz şəkildə evdən qaçdıq”, Emre Göçer Anadolu xəbər agentliyinə bildirib.

Ərdoğan şənbə günü Ankaradan 565 kilometr uzaqda yerləşən Sivriceni ziyarət edib. Türkiyə lideri orada təbii fəlakətin təsirlərinə məruz qalanlara dövlətin yardım edəcəyini vəd edib.

Sivrice yaxınlığında Cevrimtaş kəndi
Sivrice yaxınlığında Cevrimtaş kəndi

“Biz heç kimi açıqda buraxmayacağıq”, o deyib.

Bundan öncə isə Ankarada bir müstəntiq sosial mediada “təxibatçı” paylaşımlarla bağlı istintaqın başladığını elan edib. Anadalu xəbər agentliyi bildirir ki, Türkiyənin yayım orqanı həmçinin mediada zəlzələnin necə işıqlandırıldığını yoxlayır.

Ətraf Mühit və Şəhərsalma naziri Murad Kurumun sözlərinə görə, zəlzələ nəticəsində Sivricedə azı beş, Malatya vilayətində isə 25 bina dağılıb. Yüzlərlə digər tikili zədələnib və təhlükəli vəziyyətdədir.

Təbii Fəlakər və Fövqəladə Vəziyyətin İdarəsi Agentliyi (AFAD) bildirib ki, dağıntıların altından 42 nəfər çıxarılıb.

İnsanlar zəlzələnin ardınca küçələrə axışıb
İnsanlar zəlzələnin ardınca küçələrə axışıb

Televiziyada yayımlanan görüntülərdə xilasetmə işçilərinin zəlzələdən 19 saat sonra çökmüş binanın altından bir qadını çıxardıqları göstərilib.

Episentrdən 110 kilometr aralıda yerləşən Adıyamanda bir həbsxana evaskuasiya edilib. Oradakı 800-ə yaxın məhbus yaxınlıqdakı digər həbsxanalara yerləşdirilib.

AFAD ərazidə 28 xilasetmə komandasının işlədiyini bildirib. Zəlzələnin baş verdiyi bölgəyə Türkiyənin 81 vilayətinin 39-dan 2600 heyət göndərilib.

“Bizim ən böyük arzumuz tələfatların sayının artmamasıdır” – deyə, parlamentin spikeri Mustafa Şentop bildirib.

XS
SM
MD
LG