Accessibility links

Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyəti bərpa olundu


Vəkillər- Əsabəli Mustafayev və Nemət Kərimli

Vəkil Əsabəli Mustafayevin vəkillik fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyət başa çatıb. Aprelin 24-də onun vəkillik fəaliyyəti ilə məşğul olmaq haqqı bərpa edilib.

Bu barədə vəkil Mustafayev Facebook səhifəsində məlumat verib.

Onun yazdığına görə bu gündən vəkillik fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyətin müddəti yekunlaşıb və fəaliyyəti bərpa olunur:

"Əslində bu dövrdə hüquqşünas qismində fəaliyyətimdə bekarçılıq olmamışdı. Həmin dövrdə 200-dən artıq şəxsə pulsuz hüquqi yardım göstərmiş, onlarla yeni işi Avropa İnsan Haqları Məhkəməsinə göndərmişdim. Hətta bu işlərdən xeylisi ilə bağlı kommunikasiya aparılıb".

Vəkil qeyd edir ki, fəaliyyətinin bərpa olunduğu ilk gün gördüyü birinci iş həbsdə olan müvəkkilləri ilə görüşün bərpası üçün tədbirlər görülməsi olub:

"Ötən dövrdə həbsdə olanların sayı kəskin azalsa da, bəziləri hələ də məhkumluq həyatı yaşayırlar. Vəkil qismində yeni işlərə başlamağım bir müddətdən sonra mümkün olacaq. Bu hal vəkillik fəaliyyətində sənədləşirmənin yenilənməsi, ən əsası isə böyük həcmdə yarımçıq işlərin yekunlaşdırması zərurətilə bağlıdır".

Aprelin 24-də Nemət Kərimlinin də vəkillik fəaliyyəti bərpa edilib.

2018-ci il aprelin 23-də Vəkillər Kollegiyası Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında Nemət Kərimli və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul etmişdi.

Rüstəm Usubov Nemət Kərimlini jurnalist Əfqan Muxtarlının işini siyasiləşdirməkdə ittiham edirdi. Eyni ittiham Əsabəli Mustafayevə də qarşı irəli sürülmüşdü. O isə AXCP sədrinin müavini Gözəl Bayramlının işini siyasiləşdirməkdə suçlanırdı.

Hər iki vəkil hüquq müdafəçiləri tərəfindən “siyasi məhbus” kimi, Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilən çoxsaylı müxalif və tənqidçi insanların hüquqlarını məhkəmələrdə müdafiə edib. Əsabəli Mustafayev Avropa İnsan Hüquqları Məhkəməsində yüzdən çox şikayəti müdafiə edib və qalib olub.

Vəkillərin fəaliyyətinin dayandırılması sosial şəbəkələrdə də tənqidlə qarşılanıb. Statuslarda həbsə məhkun edilmiş müxalifətçilərin, müstəqil jurnalistlərin, din xadimlərinin hüquqlaırnın müdafiəsi sahəsində problemlər yaranacağı bildirilir.

XS
SM
MD
LG