Avstraliya polisi çərşənbə axşamı səhər üç əslən türkiyəli Avstraliya vətəndaşlarını evlərində həbs etməklə silahlı hücumun qarşısını aldıqlarına inanır.
Polis bildirib ki, İŞİD terrorçu qrupundan ilhamlanan şübhəlilər çərşənbə axşamı Melborn məhkəməsinə gətiriləcək.
Polis şübhəlilərdən ikisini bu evdə gecə saatlarında valideyinləri evdə olan zaman həbs edib.
Rəsmilər bildirib ki, şübhəlilər biri-biri ilə şifrəli mesajlarla əlaqə saxlayırdı. Bu isə polisin hücumun nə zaman və harada baş tutacağını müəyyən etməsinə çətinlik yaradırdı.
“İndi bizim üzləşdiyimiz problem terror fəaliyyəti və digər cinayətlər barədə mesajlaşmaların internet vasitəsi ilə edilməsidir və polis bu texnologiyanı izləməkdə çətinlik çəkir. Bu ən ciddi problemdir” - deyə, Avstraliya daxili işlər naziri Peter Dutton bildirib.
Şübhəlilərin atası onların iddia edilən hücumda əli olduqlarını anlamaqda çətinlik çəkir.
“Onlar bunu edə bilməz. Onlar heç orduda da olmayıblar. Onlar heç silahdan istifadə belə edə bilmir. Heç biri” - deyə, şübhəlilərin atası Armağan Eriklioğlu bildirib.
Polis bildirib ki, şübhəlilərin hər birinin pasportları təhlükəsizlik narahatlıqları səbəbindən ləğv edilib.