Accessibility links

'Əvvəl gətirilmiş maşınların qiyməti kəskin artacaq'


Bəzi malların aksiz vergisinin artırılması nəzərdə tutulur. Bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı layihədə öz əksini tapıb. Layihəyə əsasən, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox, istehsal tarixi 3 ildən artıq minik avtomobillərinə, alkoqol içkilərə və siqaretlərə görə aksiz dərəcələri artırılır. Eyni zamanda, bəzi vergi güzəştlərinin edilməsi də təklif olunur.

"65 milyon manatdan çox artım proqnozlaşdırılır"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətindən "Turan"a bildirilib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər prezident İlham Əliyevin bu sahədə olan tapşırıqlarının icrası ilə bağlıdır: "Bunlardan birincisi kölgə iqtisadiyyatı ilə mübarizədir. Vergi bazasının genişləndirilməsi ilə bağlı təkliflər var idi. Eynilə sosial xarakterli güzəştlər və vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq, bir blokda sahibkarlığın inzibatçılıq yükünün azaldılması ilə bağlı dəyişikliklər təklif olunur. Təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində 65 milyon manatdan çox artım proqnozlaşdırılır".

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat: "Orada müsbət məqamlar çoxdur"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə agentliyə deyib ki, dəyişikliklər mənsub olduğu komitənin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb: "Orada müsbət məqamlar çoxdur. Həm sahibkarlığın, xüsusilə mikro və orta sahibkarlığın inkişafı üçün müəyyən güzəştlər var. Həmçinin, müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsi vergidən azad olunacaq". Komitə üzvünün sözlərinə görə, həmin dəyişikliklərdən sonra əhaliyə ziyan dəyməyəcək: "Orada yalnız alkoqol içkilər və tütün məmulatları məsələsi var. Onların isə cüzi miqdarda aksiz vergisi artırılıb".

"Yeni məcəlləyə ehtiyac var"

Deputat vurğulayıb ki, yeni Vergi Məcəlləsi işlənib hazırlanmalıdır: "İndiki məcəllə təxminən 20 ildir ki, qüvvədədir. Bu illər ərzində Azərbaycanda ciddi dəyişikliklər, inkişaf baş verib. Ona görə də yeni məcəlləyə ehtiyac var. Əlavə dəyər vergisinin 18 faiz dərəcəsini differensiallaşdırmaq lazımdır. Elə gündəlik istifadə olunan məhsullar var ki, - məsələn, ərzaq, geyim və s. - onların vergisini azaltmaq, amma 10 ildə bir dəfə alınan məhsulların vergisini artırmaq lazımdır".

Natiq Cəfərli
Natiq Cəfərli

"Artım vətəndaşın cibindən çıxır"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, istənilən halda, vergilərin, rüsumların artımı insanların ödəniş qabiliyyətinə mənfi təsir göstərir: "Çünki bütün dünyada, o cümlədən də Azərbaycanda vergilərin, rüsumların son ödəyicisi vətəndaşdır və artım baş verirsə, bu əlavə ödəniş vətəndaşın cibindən çıxır".

O deyir ki, spirtli içkilər və tütün məmulatları ilə bağlı məsələ sosial olmadığına görə bir çox ölkələrin hökumətləri bu sahədə artımlara daha rahat şəkildə gedirlər. "Bu, əhalidə narazılıq doğurmamalıdır, çünki bu sahədə vergilərin artımı sağlam həyat tərzinin təşviqi məqsədilə həyata keçirilir. Amma bir çox ölkələrdə spirtli içkilərin və tütün məmulatlarının aksizləri artırarkən oradan gələn vəsait ayrıca insanların sağlamlığına, sosial müdafiəsinə və idmanın inkişafına yönləndirilir".

"Buna yalnız çox varlı insanlar gedəcəklər"

O qeyd edib ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox, istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinin qiyməti həddindən artıq bahalaşır: "Mühərriki 5000 kubsantimetrdən çox avtomobillərdə yalnız aksiz vergisi 60 mindən yuxarıdır. Amma burada başqa növ vergilər də olacaq. Bu ona gətirib çıxaracaq ki, daxili bazarlarda bundan əvvəl gətirilmiş maşınların qiyməti kəskin artacaq, çünki yeni qaydalarla ölkəyə avtomobilləri gətirmək heç sərf etmir. Buna yalnız çox varlı insanlar gedəcəklər".

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG