Accessibility links

Girov götürülümüş türk pilotlar vətənə qayıdıb


Livanda avqustun 9-da qaçırılan Türk Hava Yollarının şirkətinin pilotları Murat Akpınar və Murat Ağca dünən gecə vətənə qayıdıb. Qətər Hava Yollarına məxsus təyyarə ilə Atatürk hava limanına gətirilən pilotları Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Pilotların qarşılanması mərasiminə onların ailə üzvləri də qatılıb. Murat Akpınar və Murat Ağca hava limanında jurnalistlər üçün açıqlama veriblər.

Livanda 71 gün girov saxlanan Murat Akpınar heç bir pis rəftar görmədiyini, lakin ilk günlərin olduqca çətin keçdiyini deyib. Fiziki təzyiqə məruz qalmadığını deyən Murat Ağca isə psixoloji təzyiqin güclü olduğunu bildirib.

Türk pilotların vətənə gətirilməsi ilə bərabər Suriyada azad edilmiş doqquz livanlı girov da Beyruta qaytarılıb. Bununla bir neçə aydır sürən qeyri-müəyyənlikdən sonra girovların dəyişdirilməsi prosesi başa çatdırılıb.

Livanlılar may ayında Suriya üsyançıları tərəfindən saxlandıqdan sonra azad edilmiş və Suriyanın şimalından Türkiyəyə keçmişdi. Türk pilotlarla yanaşı, livanlıların da qaytarılması Qətər hökumətinin vasitəçilyi ilə razılıq əsasında baş verib.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu Tvitter vasitəsilə göndərdiyi mesajda girovların azad edilməsi prosesində Türkiyənin diplomatik nüfuzunun rolunu qeyd edib. “Bütün bu müddətdə baş nazirin təlimatları ilə aparılan prosesin müvəffəqiyyəti Türkiyənin regionda əhəmiyyətini yenidən nümayiş etdirib”-deyə o bildirib.
XS
SM
MD
LG