Accessibility links

Bloq: Ukrayna dərsləri - 2


Sovet İttifaqı dağılmazdan öncə Bakıdan şimala gedən magistral yolun girəcəyində XI Qızıl Ordu dairəsi var idi. 1920-ci ildə Azərbaycanı zəbt etmiş rus-bolşevik ordusunun şərəfinə ucaldılan abidə əllərində bayraq tutmuş üç əsgəri cizgiləndirirdi. Dairədən bir qədər kənarda “Azərbaycanın əbədi xoşbəxtlyi Rusiya ilə bağlıdır!” ifadəsi yazılmış lövhə var idi. Deyim rusların Azərbaycana canişin qismində gətirdikləri Nəriman Nərimanova məxsus idi. Lövhə oradan çoxdan yığışdırılıb. İndi həmin dairə 20 Yanvar dairəsi adlanır.

Computer HopeAzərbaycanda bir çoxları indiyədək də millətin müstəqillik mübarizəsini Dağlıq Qarabağ uğrunda savaşla qarışdırır. Azərbaycanda milli özünüdərk hərəkatının interetnik münaqişədən qaynaqlanması müstəqillik uğrunda mübarizəni müəyyən mənada arxa plana keçirib. Şəhidlər Xiyabanında 1990-cı ilin yanvarında rus qoşunları tərəfindən öldürülmüş adamlar Qarabağ Müharibəsində həlak olmuş adamlarla yanaşı dəfn olunublar. Milli yaddaşda Qarabağ Müharibəsi müstəqillik mücadiləsi ilə eyni kateqoriyada yer alıb, halbuki bunlar fərqli məna kəsb edən hadisələrdir. İtirilən torpağı geri qaytarmaq olar, amma itirilən dövlətçiliyi bərpa etmək qat-qat çətindir.


Tarixdə iki dəfə azərbaycanlılar öz müstəqilliklərini qanlı interetnik müharibə şəraitində qazanıblar. Konkret birinci halda müstəqilliyin itirilməsi də məhz bu mübarizə şəraitində baş verdi. Bütün ordusunu erməni qüvvələri ilə cəbhə xəttinə cəmləşdirən Azərbaycan şimaldan gələn rus hərbi birləşmələri qarşısında aciz qaldı. Cəmi bir zirehli qatarla irəliləyən işğalçı qüvvələrə müqavimət göstərilmədi. 11-ci Qırmızı Ordu bir güllə atmadan Bakını zəbt etdi və Azərbaycanın müstəqilliyinə son qoydu.

Biz dənizlərdə, okeanlarda vuruşacağıq, biz artan özünə-etimad hissi və artan güclə havada vuruşacağıq, biz, nəyin bahasına olursa olsun, adamızı qoruyacağıq. Biz sahillərdə vuruşacağıq, biz düşmənin gəliş nöqtələrində vuruşacağıq, biz çollərdə, küçələrdə vuruşacağıq. Biz təpələrdə vuruşacağıq; biz təslim olmayacağıq.
Vinston Çörçill

Rusiyanın 2008-ci ildə Gürcüstan torpaqlarını zəbt etməsi və bu günlərdə Ukraynada həyata keçirdiyi hərbi müdaxilə tarixin unudulmuş dərslərini yenidən önə çəkir. Ən azı göstərməklə ki, dünən də, bu gün də və sabah da Gürcüstan, Ukrayna və Azərbaycan kimi dövlətlərinin varlıqlarına əsas təhlükə kiçik qonşuların ərazi iddiaları yox, bu millətləri yüz illərlə əsarət altında saxlamış və imperialist ambisiyalarından əl çəkməmiş Rusiyadan qaynaqlanır. Əlbəttə ki, burada “parçala və hökm sür” siyasətinin fəsadları geniş rol oynayır. Tamamilə mümkündür ki, Cənubi Qafqazı bürümüş interetnik münaqişələr elə Rusiyanın bu regionu nəzarətdə saxlamaq mexanizminin tərkib hissələridir. Amma günün sonunda şimaldan qaynaqlanan ekzistensial təhlükəyə paralel təhlükə yoxdur.

Dövlətlər öz rəqiblərini seçmək imtiyazından məhrumdurlar. Düşmən bəzən güclü, bəzən zəif olur. Amma müstəqilliyini qorumaq əzmində olan millət hərbi qüdrətini mövcud olan real təhlükələrə uyğunlaşdırır. 1940-cı ildə Hitler Almaniyasından hər an hücum gözləyən Britaniya lideri Vinston Çörçill məşhur tarixi bəyanatı ilə yadda qalıb: “Biz dənizlərdə, okeanlarda vuruşacağıq, biz artan özünə-etimad hissi və artan güclə havada vuruşacağıq,biz, nəyin bahasına olursa olsun, adamızı qoruyacağıq. Biz sahillərdə vuruşacağıq, biz düşmənin gəliş nöqtələrində vuruşacağıq, biz çollərdə, küçələrdə vuruşacağıq. Biz təpələrdə vuruşacağıq; biz təslim olmayacağıq.” Ola bilsin Hitleri nəhayət fikrindən daşındıran və səmtini Sovet İttifaqına yönəldən Çörçillin bu qətiyyəti oldu. Zəiflik aqressiyanı şirnikləndirir. Çəkindirici amilin potensial təcavüzün qarşısını almaqda rolu əvəzsizdir. Fakt budur ki, mövcudluğunu, azadlığını qorumağa qalxmış milləti əsarət altına almaq istənilən qüdrət üçün ən azı çətin və ağrılı olur. Təhlükəni göz altına almamaq və onun qarşıya qoyduğu ağır məsuliyyətdən boyun qaçırmaq isə Rusiya kimi dövlətlərlə “əbədi dostluğa” yol açır.

XS
SM
MD
LG