Accessibility links

Bloq: Amerikanın ilk şəhəri


Amerika haqda məlumatı olan adamların çoxları kontinental Birləşmiş Ştatlarda ilk məskunlaşmanın Ceymstaun olduğunu güman edir. 1607-ci ildə hazırkı Virciniya ştatında ingilislər tərəfindən salınan bu şəhər müasir ABŞ dövlətinin başlanğıc nöqtəsi kimi tanınır. Amma ən qocaman şəhər titulu əslində ispanların tropik Florida sahillərində saldıqları Saint Augustine (Müqəddəs Avqustin) şəhərinə məxsusdur. Disneylanddan maşınla saat yarımlıq məsafədə yerləşən və hazırda 15 mindən az adamın yaşadığı şəhərin tarixi nəzərimcə yeni dünyanın mahiyyətini özündə dolğun əks etdirir.

Castillo de San Marcos istehkamı
Castillo de San Marcos istehkamı

1565-ci ildə gəmi qəzasında itmiş oğlunu axtaran Pedro Menéndez de Aviléz üfüqdə torpaq görür. Sahildə lövbər salan kapitan yenicə gəldiyi məkana həmin gün qeyd olunan dini bayramın şərəfinə katoliklərin görkəmli din xadimi Müqəddəs Avqustinin adını verir. De Aviléz və ümumilikdə ispanlar St. Augustinə Florida ərazisində hərbi forpost kimi baxırdılar. Dərin xəndəklərlə əhatə olunmuş Castillo de San Marcos qalasının inşası da bu düşüncədən qaynaqlanırdı. Şəhəri hərbi istehkamlar və divarlarla əhatəyə alan ispanlar məskunlaşmanı müxtəlif növ düşmənlərdən qorumağa çalışırdılar. Bunların sırasında İspaniyanın o vaxtkı imperialist rəqibləri – ingilislər və fransızlar yer alırdı. Amma piratlardan və yerli qəbilələrdən qaynaqlanan təhlükə də az deyildi. Faytonçu bələdçimiz şəhərin bir neçə dəfə piratlar tərəfindən yağmalandığını, və yalnız bundan sonra şəhərin taxta divarlarının daş divarlarla əvəzləndiyini bildirdi.

Faytonla dolaşdığmız dar küçələr bir az Bakının dağlı məhəllələrini xatırladırdı. Özəl evlərə giriş ingilis evlərində olduğu kimi fasaddan yox, həyətdən idi.

“Bəs piratlar şəhərə basqın edəndə, yerli sakinlər hara qaçırdılar?” sualıma cavab olaraq bələdçi barmağını qərbə tərəf tuşlayıb dilləndi: “Oraya – bataqlılara, meşəliklərə… Piratlara qızıl və ziynətli əşyalar lazım idi, adamlar yox – ona görə də şəhəri qarət etdikdən sonra gəmilərinə oturub əsasən istehkamlandıqları Karib Hövzəsinə üzürdülər.” Şəhərin memarlıq abidələri qismində qorunan bəzi evlərində hələ də qədim güllə dəlikləri qalır. Amma o güləllərin bu şəhərə hücum etmiş müxtəlif qüvvələrdən hansına mənsub olduğunu bilmək qeyri-mümkündür.

St. George küçəsi
St. George küçəsi

Boston, Filadelfiya, Charleston və Annapolis kimi erkən Amerika şəhərlərindən fərqli olaraq St. Augustine özünəməxsus dizaynı ilə seçilir. Traza kimi tanınan bu kolonial ispan stili şəhərin mərkəzində iri meydan onun ətrafında isə əsas kafedral, şəhər hökumət binası, və şəhərin ən görkəmli xadimlərinin malikanələri ilə səciyyələnir. Şəhərin mərkəzi hissəsi ticarət və alış-veriş üçün başlıca məkan sayılır. Mərkəzi meydandan düz bucaq altında uzanan küçələrdə isə sadə sakinlərin evləri inşa olunur və şəhər böyüdükcə, bu küçələr də uzanır. Faytonla dolaşdığmız dar küçələr, dalanlar mənə bir az Bakının dağlı məhəllələrini xatırladırdı. Özəl evlərə giriş ingilis evlərində olduğu kimi fasaddan yox, həyətdən idi. Bələdçimiz müasir ev qapılarını göstərərək bunların hamısının ingilislərin zəbti zamanı hərbi komendantın əmri əsasında divarda dəlik açılaraq qoyulduğunu dedi.

1700-cü illərdə şəhər bir neçə dəfə ingilislərin hücumuna məruz qalmasına baxmayaraq, onun tam şəkildə Britaniya nəzarətinə keçməsi 1763-cü ildə Yeddi İllik müharibədən sonra baş verdi. Lakin Britaniya İmperiyasının St. Augustine üzərində idarəçiliyi çox sürmədi. 1783-cü ildə Amerika İnqilabının zəfər çalması ilə şəhər kolonistlərə Britaniya taxtına qarşı mübarizədə yardım etmiş İspaniyanın nəzarətinə qayıtdı. İspan Floridasının tərkib hissəsi olaraq St. Augustine 1821-ci ilədək Madridin nəzarətində qaldı. Həmin il Amerika Birləşmiş Ştatları bütün Florida ərazisini ispanlardan beş milyon dollara aldı. Əslində alqı-satqı formal xarakter daşıyırdı – belə ki, həmin vaxt İspaniya Floridanı əldə saxlayacaq gücdə deyildi. St. Augustine amerikalılara təhvil verilən şəhərdə cəmi üç ispan əsgəri qalmışdı.

ABŞ hökuməti Castillo de San Marcos-un adını dəyişərək ona Amerika İnqilabının qəhramanlarından olan Francis Marionun adını verdi. Fort Marion qalası 1900-cü ilədək rəsmən Birləşmiş Ştatların cənubda hərbi istehkamı funksiyasını yerinə yetirdi. Ötən əsrdə şəhərin tarixində ən mühüm rol oyanayan şəxs Standard Oil şirkətinin təsisçisi John Rockefellerin biznes tərəfdaşı Henry Flagler oldu. Onun təşəbbüsləri sayəsində burada otellər, inzibati binalar və kollec inşa olundu. Bələdçimiz şəhərin əsas otelini göstərərək Flaglerin elektrik işığından istifadə üçün işə işıq lampasını icad edən Thomas Edisonu işə cəlb etdiyini təsvir etdi. “O vaxtlar adamlar qeyri-tanış fenomen olan elektrikdən istifadə etməyə qorxurdular. Ona görə də Flagler yeniyetmələrə otel otaqlarında işıq yandırmaq üçün bir dollar verərdi. Məqsəd insanları elektrikdən istifadəyə həvəsləndirmək idi. Təsəvvür edin ki, bir gün ərzində balaca uşaq balıqçılıq yaxud fermerliklə məşğul olan atasından 5-6 dəfə çox pul qazanırdı. Sadəcə işığı yandırmaqla.”

Şəhərin ən görməli yerlərindən biri Gənclik Bulağı Parkıdır. Deyilənə görə gənclik bulağını tapmaq üçün səyahətə çıxmış konkistador Juan Ponce de León ilk dəfə məhz burada sahilə ayaq basıbmış. Həmin dönəmdə ispanlar arasında orta yaş həddi 30-40 civarında idi. Eliksir kimi tanınan həyat suyu dalınca uzaq Flordiya üz tutmuş de León hesab edirdi ki, Amerika hindularının ispanlardan xeyli çox yaşamasına səbəb burada eliksirin olması və onların bu sudan içməsi idi. Alimlər sübut edə bilər ki, hinduların çox yaşamasına səbəb onların eliksir içməsi deyildi, və ya ümumiyyətlə eliksir deyilən şey yoxdur. Amma səfalı Florida sahillərində yerləşən St. Augustine küçələrini gəzib-dolaşdıqca Juan Ponce de Leónu anlamağa başlayırsan.

XS
SM
MD
LG