Accessibility links

Güneylilər uyğur türkləri üçün ayağa qalxdı

İyulun 10-da İranın bütün vilayətlərində Qüds günü münasibəti ilə İsrailə qarşı keçirilən ənənəvi yürüşlərlə eyni zamanda İran Azərbaycanı mitinqlərində bir qrup türk fəal əllərində plakatlar və Uyğur bayraqları ilə Uyğurlara dəstək, Çin hakimiyyətinin siyasətlərinə isə etirazlarını nümayiş etdiriblər.

İran Azərbaycanı ilə bağlı xəbər yayan saytlar Təbriz və Əhər şəhərlərində keçirilən yürüşlərlə bağlı məlumat, video və şəkillər yayımlayıblar.

Yayılan video və şəkillərdə yürüşə qatılanların əlində plakatlar və “Doğu Türkistan bayrağı” görünməkdədir. Plakatların birində “müsəlmanlar arasında ayrı-seçkilik” ifadəsi yazılıb.

Oyrənci Səsi və Araz News saytlarının məlumatına görə, İranın təhlükəsizlik qüvvələri Uyğur türklərini himayə üçün plakat qaldıran bir neçə nəfəri nəzarət altına alıblar:

“Taliqani üçyolunda Doğu Türkistanın müsəlman türklərinə dəstək olaraq nümayiş etdirilən bir böyük plakat təhlükəsizlik qüvvələrini qəzəbləndirib. Məmurlar bir neçə fəalı döyərək nəzarət altına alıblar.”

Tutulan fəallardan Rəsul Rəzəvi, Məhəmməd Məhmudi, İbrahim Nuri və Hüseyn Rəxşanikya, Sevindik Lütfinin adları yayılıb.

Öyrənci Səsi Təbriz və Əhər şəhərlərindəki Qüds günü mitinqlərində Uyğur türklərinə dəstək nümayiş etdirənlərin sayının yüzlərlə olduğunu qeyd edib.

İran İslam Respublikası və Çin Xalq Respublikası hakimiyyətləri siyasət meydanında adətən təbii müttəfiq olaraq tanınırlar.


XS
SM
MD
LG