Accessibility links

Cəfər Afşarniya: Siyasi müttəhimlərə dair qanunda anlaşılmaz məqamlar var [Audio-Müsahibə]


Cəfər Afşarniya
Cəfər Afşarniya

“Yeni qanunda insanları separatçılığa təhrik edənlər siyasi müttəhim sayılmır. Məncə Azərbaycan və digər qeyri-fars bölgələrdə hakim hər kəsi separatçı kimi tanıyıb, onu bu qanunda verilən haqlardan məhrum edə bilər,” deyə vəkil Cəfər Afşarniya İranda bu yaxında icraya qoyulduğu bildirilən siyasi qanun pozuntularına dair qanunun məhkəməyə çıxarılan türk fəalların durumuna çox təsir buraxmayacağını söyləyir.

Cəfər Afşarniya: İranda türk fəallar siyasi məhbus sayılmır
please wait

No media source currently available

0:00 0:22:15 0:00

Tehrandan Amerikanın Səsinə danışan hüquqşünas bu yaxınlarda prezident Həsən Ruhaninin icraya qoyulduğunu açıqladığı “siyasi təqsir” qanununun müsbət və mənfi cəhətlərini şərh edib.

Afşarniyanın dediklərinə görə, siyasi qanun pozuntularına dair layihə təqribən 15 il öncə islahatçıların parlamentdə əksəriyyətdə olduğu dönəm məclisə təqdim edilib. Amma o, hazırda qəbul edilən qanunun ilkin layihədən xeyli fərqləndiyini önə çəkir:

Bundan öncə məhkum olmuş türk fəallar üçün faydalı olabilər. Bu qanuna əsasən hökmün dayandırılmasını və ya məhkəmə prosesinin yenilənməsini istəmək olar. Siyasi məhbuslar ki hökmlərini çəkirlər ya hökmləri qəti olubdur. Bunlar yeni qanun əsasında ali məhkəməyə müraciət edə bilərlər
Cəfər Afşarniya

“İlkin layihə çox güclü və tam idi. Amma, indiki layihənin çox maddələri konstitusiyaya qarşı sayılaraq çıxarılıb... Bu qanun usulgeraların (mühafizəkarlar) əksəriyyətdə olduğu parlamentdə qəbul olunub. Bunların baxışı siyasi suç məsələsinə dar bir baxışdır...Layihə prezident tərəfindən açıqlanıb və rəsmi qəzetdə yayılıb. Rəsmi qəzetdə yayıldıqdan 15 gün sonra icraya qoyulacaqdır.

Cəfər Afşarniya Tehran və Azərbaycan vilayətlərində mühakimə edilən bir çox türk fəalın vəkili olub. Onun söylədiklərinə görə, yeni qanun onun müdafiə etdiyi müttəhimlərin durumuna müəyyən dərəcədə təsir buraxa bilər:

“Hakimiyyət bu günə qədər bu qanunu və əsasən siyasi suçu qəbul etmirdi. Buna görə ki bütün siyasi suçları təhlükəsizlik suç sayıb İnqilab Məhkəmələrində cəza verirdilər. Hakimiyyətə beynəlxalq insan haqları qurumları tərəfindən sual veriləndə, bizim siyasi məhbusumuz yoxdur deyə cavab verirdi. Amma indi müəyyənləşdikdən sonra heç olmasa bəzi məhkumlarla siyasi məhbus kimi davranmağa məcburdurlar.

Mən İran məhkəmələrində bu durumda olan azı 60 müttəhim, o cümlədən türk fəalların vəkili olmuşam. Bunları digər məhbuslardan ayırmırdılar. Ağır şəraitdə saxlayırdılar və İnqilab Məhkəmələrində mühakimə edirdilər.

İndiki qanunda siyasi məhbuslar digər məhbuslardan ayrı saxlanılmalıdır, zindan geyimi geydirilməməli, görüşmə haqları, vəkil haqları, qəzet, kitab və TV təmin edilməlidir və ən önəmlisi, İnqilab Məhkəmələrində mühakimə edilməməlidirlər.”

Yeni qanunun icraya qoyulduğunu bu yaxınlarda prezident Həsən Ruhani açıqlayıb
Yeni qanunun icraya qoyulduğunu bu yaxınlarda prezident Həsən Ruhani açıqlayıb

Yeni qanuna görə, İranın yüksək rütbəli rəsmilərini təhqir etmək və böhtan atmaq, İranda səfərdə olan xarici ölkə başçıları ya təmsilçilərini təhqir etmək, seçkilərlə bağlı qanun pozuntuları və yalan bəyanatlar yaymaq kimi aktlar ölkə işlərinin islah olunma məqsədilə olub sistemin əsasına zərbə vurmaq hədəfi daşımasa siyasi cinayət hesab ediləcək.

Hüquqşünas yeni qanunun bir çox hallarda anlaşılmaz olduğunu ifadə edir:

“Burada sistemin əsasının nə olduğunu müəyyən etməyiblər. Bu hakimə qalır ki desin bir akt sistemin əsasına qarşı olan bir suçdur ya siyasi suç... Bir də bəzi başqa suçları ayırıb. Gerçəkdən siyasi olan bəzi fəaliyyətləri siyasi tanımır. Buna görə, yenə də, bu qanundakı boşluqlar İnqilab Məhkəmələrinin əlləri açıq edəcək...”

Onun dediklərinə görə, “İslahatçı fəallar, qadın ya etnik haqları fəalları, hərkəs olursa, bu qanuna uyğun olsa siyasi müttəhim sayılacaq, olmasa sayılmayacaq. Niyyəti ölkə işlərini islah etmək olsa siyasi müttəhim hesab ediləcək.”

Yeni qanunda bəzi istisnalara da toxunulub. O cümlədən, insanları separatçılığa təhrik etməyin siyasi qanun pozuntusu olmadığı bildirilib.

Azərbaycanda ya digər qeyri-fars bölgələrdə bütün insanları bir hakim asanlıqla separatçı tanıyıb və onu bu qanunda verilən haqlardan məhrum edə bilər. Separatçılığın nə olduğu müəyyən olmayıb. Buna görə, yeni qanun türk fəalların durumuna təsir etməyə bilər.
Cəfər Afşarnia

Afşarniya deyir ki, “Türk fəallar mövzusuna gəlincə, bu qanunda bir neçə istisna var... Siyasi suç qanunu insanları separatçılığa təhrik edənlərə şamil olmayacaq. İstiqlal istəmək nədir? Bu heç qanunda müəyyənləşməyib və məncə Azərbaycanda ya digər qeyri-fars bölgələrdə bütün insanları bir hakim asanlıqla separatçı tanıyıb və onu bu qanunda verilən haqlardan məhrum edə bilər. Separatçılığın nə olduğu müəyyən olmayıb. Buna görə, yeni qanun türk fəalların durumuna təsir etməyə bilər.”

O, yeni qanunun hazırda həbsdə olan və ya hökmləri qətiləşən fəallar üçün də bəzi müsbət imkanlar yarada biləcəyini deyir.

“Bundan öncə məhkum olmuş türk fəallar üçün faydalı olabilər. Bu qanuna əsasən hökmün dayandırılmasını və ya məhkəmə prosesinin yenilənməsini istəmək olar. Siyasi məhbuslar ki hökmlərini çəkirlər ya hökmləri qəti olubdur. Bunlar yeni qanun əsasında ali məhkəməyə müraciət edə bilərlər,” deyə Təbrizli vəkil əlavə edir.

XS
SM
MD
LG