Accessibility links

Rüfət Səfərovun məhkəməsi başlayıb


Rüfət Səfərov
Rüfət Səfərov

Avqustun 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində (Bakıdan 272 kilometr cənub) hakim Asim Hacıyevin sədrliyi ilə Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun işi üzrə məhkəmə istintaqı başlayıb.

Bugünkü iclasda ittiham aktı oxunub. İş materiallarına əsasən, Rüfət Səfərov 2014-cü ildə Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdan 1000 manat, rayonun Elektrik Şəbəkəsinin məsul işçisi Ələmdar Abbasovdan 700 manat, Zərdabın Baytarlıq İdarəsinin əməkdaşı Mənsur Pənahovdan 500 manat, Mədəniyyət və Turizm şöbəsinin rəhbəri Eldəniz Abdullayevdən 3 min manat rüşvət alıb.

İstintaqın iddiasına görə, bu pullar adları çəkilən şəxslər barədə şikayətlərin rədd edilməsi, cinayət işi başlanmaması məqsədilə verilib.

Səfərov özü məhkəmənin başlamasını Amerikanın Səsinə şərh edərkən ittihamları gülünc və qeyri-ciddi adlandırıb.

"Bu ittiham deyil, adama "torba tikməkdir", o qeyd edib.

Səfərov ona qarşı cinayət işinin əsl səbəbinin prokurorluq orqanlarını ictimai tənqidə məruz qoyması olduğunu düşünür. O, həmçinin qeyd edib ki, yaxşı işlədiyinə görə şəxsən Baş Prokuror Zakir Qaralovdan təşəkkür alıb.

"Mən rüşvətxor olsaydım, mənə niyə təşəkkür edirdilər?", Səfərov qeyd edib.

O, təkrar edib ki, prokurorluq orqanlarında qanunsuzluğa, özbaşınalığa etiraz əlaməti olaraq istefa verib.

Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu
Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

Vəkil Bəhruz Bayramov öz növbəsində Səfərova rüşvət verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi qərar çıxarılması barədə vəsatət verib. Çünki ölkə qanunlarına görə, rüşvət vermək cinayət hesab olunur. Məhkəmə vəsatəti təmin etməyib. Növbəti iclas sentyabrın 7-də keçiriləcək.

Xatırladaq ki, Səfərov parlamentin keçmiş deputatı və hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi ictimai tənqidə məruz qoyan Eldar Sabiroğlunun oğludur.

2015-ci ilin dekabrında Rüfət Səfərov hüquq-mühafizə orqanlarını qanun pozuntularına və pis işlədiyinə görə ictimai tənqid edib və prokurorluq orqanlarından istefa verdiyinibildirib. Öz növbəsində, prokurorluq Səfərovun "prokuror işçisinin davranışı ilə uyğun gəlməyən hərəkətlərinə görə" prokurorluq orqanlarından xaric edildiyini bildirib.

2016-cı il yanvarın 15-də Səfərov rüşvət ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. Səfərov ittihamı təkzib edir və cinayət işini sifariş hesab edir.

XS
SM
MD
LG