İran Azərbaycanında fəaliyyət göstərən internet portalları Zəncan vilayətində Təhsil İdarəsinin əməkdaşlığı ilə “altı illik ibtidai məktəblər” üçün “Ana Dili” adlı türkcə dərslik kitabının çap üçün hazırlandığına dair məlumat yayıblar.
Urmiyədə fəaliyyət göstərən Yol Press veb səhifəsi Ana Dili dərsliyinin müəllifi Məhəmməd Rza Kəriminin kitabın hazırlanma prosesi ilə bağlı açıqlamalarına yer vermiş, həmçinin kitabın PDF faylını nəşr etmişdir.
Ana Dili kitabı təhsil idarəsinin əməkdaşlığı ilə hazırlansa da, dərsliyin məktəblərdə tədris olunacağına dair konkret məlumat verilməyib. Lakin keçən aylarda mətbuatda türk dilinin Zəncan vilayəti məktəblərində tədrisinin yolunun açıldığına dair xəbərlər dərc edilmişdi.
Kitabın içindəki açıqlamalara görə, dərslik hazırda şagirdlərin öz istifadəsi üçün nəzərdə tutulub.
Ötən avqust ayında İran parlamentinin türk vəkillərindən bir qrup “türk dili və ədəbiyyatının ibtidai və orta məktəblərdə tədrisi üçün dərsliklərin çapı” ilə əlaqədar prezident Həsən Ruhaniyə birgə məktub ünvanlamışdılar.