Accessibility links

İran: ABŞ-ın dialoq çağırışları ciddi deyil


Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq edib
Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq edib

İran rəsmiləri çərşənbə axşamı ABŞ-ın yeni sanksiyalarının iki ölkə arasında gərginliyi aradan qaldıracaq hər hansı diplomatik həll yoluna son qoyduğunu söyləyib və ABŞ-ın dialoq çağırışlarını “qeyri-səmimi” adlandırıb.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi İranın Ali dini rəhbəri Ayətullah Əli Xamenei və İran ordusu ilə İslam İnqilabı Keşikçiləri Korpusunun səkkiz yüksək rütbəli komandirinə qarşı iqtisadi sanksiyalar tətbiq edib. O, İran hökümətini “dağıdıcı davranışını dəyişməyə, xalqının haqlarına hörmət bəsləməyə və xoş niyyətlə danışıqlr masasına geri dönməyə” çağırıb.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton çərşənbə axşamı Qüdsə səfəri zamanı deyib ki, Tramp “real danışıqlara açıq olub”, amma İran “səssizliklə”cavab verib.

Lakin ABŞ-ın İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi hədəf alan sanksiyalar da tətbiq etmək hədəsindən sonra ölkə prezidenti Həsən Ruhani Tramp administrasiyasının addımlarını “amansız və ağılsız” adlandırıb.

“Sən danışıq çağırışı ilə yanaşı xarici işlər nazirinə sanksiya tətbiq edirsən?” - deyə, o, televiziyada yayımlanan çıxışı zamanı sual edib.

Bundan bir neçə saat əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Twitterdə yazıb ki, Trampın yanaşması “ dünyada sülh və sabitliyi qoruyan beynəlxalq mexanizmləri məhv edir”.

“İran rəhbərliyinə və İran diplomatiyasının başçısına qarşı əbəs sanksiyalar tətbiq etmək qəzəbli ABŞ administrasiyası ilə diplomatiya yolunu sonsuz qapatmaq deməkdir”, Musəvi söyləyib.

Tramp Birləşmiş Ştatları 2015-ci ildə imzalanan və İranın iqtisadiyyatına ziyan vuran sanksiyalardan azad olunması müqabilində nüvə proqramını məhdudlaşdıran beynəlxalq razılıqdan geri çəkəndən sonra İranı nüvə proqramı ilə bağlı yeni danışıqlara cəlb etmək istəyir. Tramp həmçinin İrana qarşı yeni sanksiyalar tətbiq edib ki, buna İranın neft ixracını kəsməyə yönəlmiş sanksiyalar da daxildir.

İran dəfələrlə nüvə silahları inkişaf etdirdiyini inkar edib. 2015-ci ildə əldə olunan razılığa əməl olunduğuna nəzarətə görə məsuliyyət daşıyan BMT-nin nüvə qrupu İranın razılığın şərtlərinə əməl etdiyini təsdiqləyib.

XS
SM
MD
LG