Accessibility links

Avropa Məhkəməsi Azərbaycanda üç şəxsin seçki hüququnun pozulması barədə şikayətini təmin edib


İyulun 11-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azad seçki hüququnun pozulması ilə bağlı üç nəfər Azərbaycan vətəndaşının şikayətini təmin edib.

İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinli 2010-cu ildə Bakı, İmişli və Sumqayıtda parlament seçkilərinə buraxılmamaları ilə bağlı şikayət etmişdilər.

Dairə seçki komissiyaları onları dəstəkləyən səhih seçici imzası yetərli olmadığından onların deputatlığa namizədliyini qeydiyyata almamışdı.

Həmin şəxslər bu qərarlardan məhkəməyə şikayət etmişdilər. Məhkəmə onların şikayətlərini təmin etsə də, həmin qərarlar səsvermədən bir neçə gün öncə qəbul edildiyinə görə onlar təşviqat kampaniyası apara bilməmişdilər. Şikayətçilər onların dairələrində seçkilərin vaxtının dəyişdirilməsinə təkid etsələr də, bu, baş tutmamışdı.

AİHM hər şikayətçiyə mənəvi zərərə görə 7500 avro məbləğində kompensasiya, məhkəmə xərclərinə görə isə Tariyel Şirinli və İbrahim Əhmədzadəyə 2200 avro, İxtiyar Abdalova 1400 avro ödənilməsi barədə qərar qəbul edib.

XS
SM
MD
LG