Accessibility links

XİN: Azərbaycanın mövqelərinin atəşə tutulması Minsk Qrupu həmsədrlərinin sülh çağırışına ziddir


“Ermənistanla sərhəddə Azərbaycan mövqelərinin atəşə tutulması və sərhədçi Ceyhun Bayramovun yaralanması ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh çağırışına tamamilə ziddir.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva
Leyla Abdullayeva

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyulun 18-də Ermənistanla sərhəddə Azərbaycanın Qazax rayonunun II Şıxlı kəndi (Bakıdan 530 kilometr qərb) yaxınlığındakı sərhəd döyüş məntəqəsində əsgər Ceyhun Bay­ra­mov yaralanıb.

Leyla Abdullayeva deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin həlli üzrə danışıqların konkret nəticə verməsi üçün Ermənistan və Azərbaycan xalqlarının maraqlarına cavab verən həllin əldə olunmasının vacibliyindən bəhs edib.

“Bu bəyanatın verilməsindən bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhəddində sözügedən insident baş verib. Həm də hadisə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhəddində baş verib. Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar? Baş vermiş hadisə ATƏT-in Minsk Qrupu həmsədrlərinin əhalilərin sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir," o qeyd edib.

"Ermənistan rəhbərliyi, nəhayət, anlamalıdır ki, həm Ermənistan, həm də Azərbaycan xalqlarının marağında olan əsas məsələ bölgədə davamlı sülh və rifahın təmin olunmasıdır. Buna nail olmağın yeganə yolu isə hərbi işğal faktorunun aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasıdır. Yalnız bundan sonra bölgədə hər iki xalqın marağına cavab verən dayanıqlı sülh, inkişaf və tərəqqi təmin olunacaq", Azərbaycan Xarici İşlər Nazirliynin rəsmi nümayəndəsi bildirib.

Ermənistan tərəfi hələ Azərbaycan sərhədçisinin yaralanması və Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirməyib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovubn (Rusiya) 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək” , sənəddə qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG