Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-a etiraz notası təqdim edib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan ABŞ-a etiraz notası təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyninin Mətbuat Xidməti İdarəsinin məlumatında deyilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib.
Xarici İşlər Nazirliyinin məlumatından sitat


“Notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib. Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

Xarici İşlər Nazirliyi beynəlxalq birliyin mühüm və cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək, Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT TŞ-nin 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə verəcəyini və münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb,” məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, səfir Litzenberger ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk Qrupu prosesini dəstəklədiyini və ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.

Oktyabrın 30-da ABŞ Konqresində beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış “Dağlıq Qarabağ Respublikasının” müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə özünü qurumun xarici işlər naziri kimi təqdim edən Masis Mayilyan çıxış edib.

Tədbirdə erməni icmasının üzvləri ilə yanaşı ABŞ Nümayəndələr Palatasının erməni kokusunun üzvləri olan konqresmenlər də iştirak edib. Onlar Azərbaycan hökümətini tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa çağırıb.

Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)
Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)

Tədbirdə çıxış edən ABŞ qanunvericisi Frank Palloni yaxınlarda Dağlıq Qarabağa səfər etdiyini və bu səfərdən sonra müharibənin qarşısını almaq üçün daha çox iş görməli olduqlarına dair nəticə çıxardığını söyləyib.

Bu tədbir ABŞ Nümayəndələr Palatasının Osmanlı imperatorluğu dövründə ermənilərin qətllərini "soyqırım" kimi tanımasından bir gün sonraya təsadüf edib.

Konqres karşısında etiraz
Konqres karşısında etiraz

Tədbirdən öncə Konqresin binasının önündə bir qrup azərbaycanlı etiraz aksiyası keçirib. Onlar “Ermənistanın Azərbaycanda təcavüzünə son qoyulsun!”, “Ermənistan beynəlxalq qanunları pozur!” “BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasına çağırır!” kimi şüarlar qaldırıb.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Dağlıq Qarabağ -xəritə
Dağlıq Qarabağ -xəritə

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” həmsədlərin bəyanatında deyilir.

XS
SM
MD
LG