Accessibility links

Koronavirusdan ölənlərin sayı 900-ü keçdi


Çində koronavirus xəstəliyindən ölənlərin sayı 900-ü keçib. Eyni zamanda Böyük Britaniyada yoluxmaların artması hökumətin virusun ictimai sağlamlığa "ciddi və qaçılmaz bir təhlükə" elan etməsinə səbəb olub.

Çinin səhiyyə rəsmiləri 97 yeni ölüm halını qeydə alıb və bununla ölənlərin sayı 908 nəfərə çatıb. Üstəlik, gün ərzində 3062 yeni yoluxma halı olub.

Britaniyada dörd yeni yoluxma halı qeydə alınıb və bununla da testləri müsbət çıxan insanların sayı 8-ə çatıb. Səhiyyə Naziri Matt Hankok ictimai sağlamlığa olan təhlükə barədə bəyanat verərək, virusun yayılmasının qarşısını almaq məqsədilə hökumətdən insanları təcrid etmək üçün daha çox səlahiyyət verilməsi istəyib.

Yaponiyada Yokohamada karantinə götürülən kruiz gəmisində 66 yeni yoluxma halı təsdiqlənib.

Diamond Princess kruiz gəmisi Honq Konqda gəmidən düşən bir sərnişinin koronavirus testi müsbət çıxdıqdan sonra sərnişinlərlə birlikdə karantinə alınıb.

Virusun yayılma mərkəzi Çinin Hubei vilayətidir. Burada milyonlarla insan qapalı saxlanılır və qida çatışmazlığından şikayətlər edilir.

Ticarət rəsmisi Anq Bin təchizatın zəif olduğunu, qiymətlərin artdığını və iş çatışmazlığının olduğunu deyib.

"Alış-verişin normal səviyyəyə çatması çətindir" - deyə o bildirib. Onun sözlərinə görə, hazırda beş günlük donuz əti və yumurta, üç günlük tərəvəz tədarükü var.

Çinin mərkəzi bankı bazar ertəsi günündən etibarən epidemiya ilə mübarizədə iştirak edən müəssisələrə kömək üçün 300 milyard yuan (43 milyard dollar) ayrılacağını açıqlayıb.

Miçiqan Universitetinin İctimai Səhiyyə Məktəbinin epidemiologiya professoru Cozef Eysenberq Reuters xəbər agentliyinə verdiyi açıqlamada epidemiya hallarının sayındakı qeyri-müəyyənlik səbəbi ilə pik həddə çatdığını deməyin hələ tez olduğunu qeyd edib.

"Təsdiqlənən yoluxmaların sayı pik səviyyəyə çata bilər, amma qeydə alnmayan yoluxma hallarının sayını bilmirik. Bu, xüsusilə daha çox kənd yerlərində problemdir" - deyə, o bildirib.

XS
SM
MD
LG