Accessibility links

Son günlər karantin rejimini pozan 12 454 şəxs cərimə edilib


Karantin rejimi
Karantin rejimi

Aprelin 5-dən 6-dək Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində karantin rejimini pozan 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilib, 4 nəfər isə inzibati cərimə olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, son sutka ərzində xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1881 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.

Mətbuat Xidməti bildirir ki, ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, 3800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.

Mətbuat xidməti həmçinin aprein 4-də yaydığı məlumata görə 5073 nəfər, aprelin 3-də yaydığı məlumata görə isə 3581 nəfər cərimə olunub.

Milli Məclis martın 17-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) dəyişiklik edərək daha ağır məsuliyyət müəyyən edib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Son üç məlumata görə, aprelin 3-dən indiyədək ölkə üzrə 12 454 şəxsə cərimə tətbiq edilib. Karantin rejiminin pozulmasına görə müəyyən edilən cərimələrin minimum məbləği ilə hesablayanda, bu 1 245 000 manat edir.

XS
SM
MD
LG