Accessibility links

Nyu-Yorkda rekord sayda ölüm halı qeydə alınıb


Nyu-York ştatının qubernatoru Endrü Kuomo xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayının zirvə nöqtəsinə çatdıqdan sonra stabilləşməyə yaxın olduğunu bildirib. Bu, ştatda ölənlərin sayının bir gün ərzində ən yüksək həddə çatmasına baxmayaraq, nikbinliyə işarə kimi qiymətləndirilir.

Kuomo koronavirus səbəbiylə "xəstəxanaya yerləşdirilənlərin ümumi sayında planlaşdırılan həddə çatdığını" bildirib. ABŞ-ın Baş Cərrahı koronavirus pandemiyasından proqnozlaşdırılandan daha az amerikalının ölə biləcəyini deyib.

Kuomonun sözlərinə görə, Nyu-York ştatında ölənlərin sayı son bir gündə 731 nəfər artaraq 5489-a yüksəlib. Buna baxmayaraq, Endrü Kuomo bunu keçmiş tendensiyaları əks etdirən göstərici adlandırıb.

Nyu Yorkda ölənlərin sayı 3200-ü keçib və bu, ABŞ ərazisində ən çox insan ölümü ilə nəticələnmiş 11 sentyabr terror hadisələri zamanı ölənlərin sayından çoxdur. 2001-ci ildə Nyu Yorkda törədilmiş terror hücumlarında 2753 nəfər həyatını itirmişdi.

Reuters agentliyinin verdiyi məlumata görə, koronavirusa yoluxma hallarına görə Nyu York ştatı dünyada ikinci, İspaniya birinci, İtaliya isə üçüncü yerdədir.

Nyu-Yorkda yoluxma hallarının sayı 138,836-nı keçib, İtaliyada isə bu rəqəm 135,586-dır. Ən çox yoluxma faktı İspaniyada qeydə alınıb. Burada yoluxanların sayı 140,510 nəfərdir. Ümumilikdə, ABŞ-da 380,000-dən çox yoluxma hadisəsi və ən azı 11,800 ölüm halı qeydə alınıb.

Kuomo iqtisadi fəaliyyətə yenidən başlatmağı planlaşdırmağın vaxtının gəldiyini deyib, ancaq əlavə edib ki, virusun yayılmasının qarşısını almaq üçün "sosial məsafə" tətbiq etmək məqsədilə səylərin yumşaldılmasına başlamaq vaxtı deyil.

Prezident Donald Tramp bir gün əvvəl iqtisadiyyatın "insanların düşündüyündən daha tez açılacağını" qeyd edib.

“Gəlin, rahatlaşmayaq", Kuomo mətbuat konfransında deyib. “Sosial məsafə işə yarayır... Buna görə də rəqəmlərin azaldığını müşahidə edirik”, o əlavə edib.

"Bu, hər şeyin normal vəziyyətə düşməsi üçün bir işıq düyməsi deyil. İqtisadiyyatı yenidən başlatmalıyıq, birdən-birə bağlanmış bir çox sistemi yenidən işə salmalıyıq. Bunun üçün planlaşdırmağa başlamalıyıq" - deyə, qubernator bildirib.

XS
SM
MD
LG