Accessibility links

"Azadlıq" qəzetinin əməkdaşı prokurorluqda dindirilib


Səadət Cahangir (Foto Gözəl Bayramlının facebook səhifəsindən götürülüb)
Səadət Cahangir (Foto Gözəl Bayramlının facebook səhifəsindən götürülüb)

Mayın 1-də "Azadlıq" qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səadət Cahangir Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində şahid qismində dindirilib.

"Azadlıq" qəzetinin məlumatına görə, qəzetin əməkdaşı və AXCP Rəyasət Heyətinin üzvü Səadət Cahangir mayın 1-də evindən götürülərək Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

"Guya qaz sayğacını yoxlayacaqları adı ilə evə daxil olan əməliyyatçılar müxbirin evində axtarış aparıb, onun kompüterini, telefonlarını və oğlunun təhsil haqqı üçün yığdığı pulu götürüblər, özünü də istintaq idarəsinə aparıblar,“ məlumatda vurğulanıb.

Qəzetinin açıqlamasında deyilir ki, Səadət Cahangir mayın 1-də səkkiz saat dindirildikdən sonra Bakı vaxt ilə saat 21 radələrində sərbəst buraxılıb. O sərbəst buraxılsa da, kompüteri, telefonları və pulu qaytarılmayıb.

Bununla bağlı hələlik hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, "Azadlıq" qəzetinin əməkdaşı Səadət Cahangir və bu təşkilatın Ali Məclis sədrinin müavini İradə Nəriman Əli Kərimlinin yaşadığı binanın girişində saxlanılaraq polis bölməsinə aparılıb və 4 saat bölmədə saxlanılıblar. Baxmayaraq ki, onların hərəkət üçün icazələri olub.

"Bu gün Əli bəyin 55 illik yubileyi ilə bağlı yazı hazırlamaq məqsədi ilə onlara getməliydim. Təbii ki, mağazadan tort aldım və AXCP Ali Məclis sədrinin müavini İradə Nəriman da SMS icazəsi ilə mənimlə birgə getmək istədiyini bildirdi. Təxminən saat 12-də Əli bəyin yaşadığı evin blokundan içəri girmək istədikdə mülki geyimli 4 nəfər üstümüzə cumdu. Özlərini təqdim etmədən onlarla getməli olduğumuzu bildirdilər, israrla özlərini təqdim etmələrini tələb etsək də, nəticə olmadı. Sonra bizi Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirdilər. Bölmədə heç bir kobud davranış göstərilməsə də, saat 16-ya kimi bizi orda saxladılar. Protokol tərtib etdilər, mənim jurnalist vəsiqəm, İradə xanımın SMS icazəsi olmasına baxmayaraq, 100 manat cərimə edərək buraxdılar. Hamıya bir daha əyan olsun ki, Əli Kərimlinin evi həqiqətən blokadadadır, evin qarşısında da polis keşik çəkir. Bir daha aydın olsun ki, hakimiyyət Əli Kərimliyə qarşı heç bir qanuna və mənəviyyata sığmayan yollardan istifadə edir," Səadət Cahangir Facebook səhifəsində yazıb.

Səadət Cahangir baş verənlərlə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Öz növbəsində rəsmi qurumlar bu məlumata hələ münasibət bildirməyib.

AXCP-nin məlumatına görə, elə həmin gün, aprelin 28-də Binəqədi İnzibati Saxlanma Təcridxanasında 30 sutkalıq inzibati həbs cəzası çəkən AXCP fəalı, ictimai əsaslarla AXCP sədri Əli Kərimlinin cangüdəni Niyaməddin Əhmədov təcridxanadan aparılaraq ondan ağır işgəncələr altında Kərimlinin əleyhinə ifadə almaq istənilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatı “uydurma xəbər” kimi qiymətləndirərək təkzib edib.

AXCP bildirir ki, partiyanın sədri Əli Kərimli və ailəsi artıq iyirmi günə yaxındır ətraf aləmdən tamamilə təcrid şəraitində saxlanılır: internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib. Əli Kərimlinin və ailə üzvlərinin evdən çıxmaq imkanları tam məhdudlaşdırılıb, ailə ilə hər hansı şəkildə əlaqə yaradan - evinə gəlib-gedən, ərzaqla təmin etməyə çalışan hər kəs izlənilir, cəzalandırılır və ya həbs edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirib. Bu qurumun mətbuat xidməti həmçinin Kərimlinin telefon və internet əlaqələrində problem yaranıbsa müvafiq şirkətlərə müraciət etməsini məsləhət bilib.

"Azercell Telekom" şirkəti isə bildirir ki, AXCP sədri Əli Kərimlinin mobil telefonunun və internetinin bloklanması ilə bağlılığı yoxdur.

“"Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur. Proqramlardan və sosial şəbəkələrdən istifadə ilə bağlı təhlükəsizlik tədbirləri müvafiq istifadə qaydalarına və şərtlərinə, habelə proqramın və proqram istifadə edilən mobil cihazın sazlama şərtlərinə uyğun olaraq "Azercell Telekom" tərəfindən deyil, müvafiq proqramın inzibatçıları və istifadəçiləri tərəfindən təmin edilir. Beləliklə, provayder abunəçilərindən birinin bloklanmasının səbəbini bilmir və bunu araşdırmaqda maraqlı deyil,” Azercell Telekom" MMC-nin mətbuat xidməti qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG