Accessibility links

Azərbaycan Dövlət Təhlükəsizlik xidməti və Baş Prokurorluq  əməliyyat keçirib


DTX
DTX

Azərbaycan Dövlət Təhlükəsizlik xidməti və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətində əməliyyat keçirib.

Bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.” deyə məlumatda deyilir.

Dövlət Təhlükəsizliyi Xidməti hazırda araşdırmaların davam etdiyini və ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb.

DTX mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirdikdən sonra nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov barəsində Səbail rayon Məhkəməsi dörd aylıq həbs qətimkan tədbiri seçib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur.

DTX-nin əməliyyat-istintaq tədbirləri həmçinin 26 ildən çoxdur nazir kreslosunda əyləşən və hazırda mədəniyyət naziri olan Əbülfəs Qarayevə qarşı tənqidlərə yol açıb, onun istefası tələb edilir.

Mayın 12-də isə DTX Nazir müavininin nədə günahlandırılması barədə rəsmi açıqlama verib.

İddiaya görə, tarixi abidələrin, mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini Z.Sultanovun mənimsəməsinə əsaslı şübhələr meydana çıxıb.

Açıqlamaya görə, şübhə yaranıb ki, rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatları rəsmiləşdirilərək, əvəzində onların əmək haqlarından tutulan vəsaitlər, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlər ələ keçirilib. Bu məsələlərdə isə R.Bayramov şübhəli sayılır.

Habelə açıqlamada musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin də mənimsənilməsinə dair şübhələr yer alır.

Mədəniyyət nazirliyi, həbs edilən şəxslərin vəkilləri və ailə üzvləri hələ ittihamlarla bağlı şərh verməyib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bundan öncə, mayın 6-da İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, bu rayonun icra hakimiyyəti başçısı (artıq keçmiş) Vilyam Hacıyev həbs edilib.

Ümumilikdə DTX son aylarda dörd rayonda icra hakimiyyətlərinin binasında əməliyyat keçirib. Artıq beş rayonun (Akstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli) icra hakimiyyəti başçıları olmuş şəxslərin hamısına təkrar rüşvət almaq, vəzifədən su-istifadə və mənimsəmə ittihamı irəli sürülüb.

Prezident İlham Əliyev icra strukturlaında qanunazidd hərəkətlərə yol verənlərə qarşı bundan sonra da əməliyyatlar keçiriləcəyini istisna etməyib.

Azərbaycanda bir sıra ictimai xadimlər, hüquq müdafiəçiləri bu əməliyyatları islahatın imitasiyası kimi dəyərləndirir.

XS
SM
MD
LG