Accessibility links

Azərbaycanda 65 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb


Koronavirus

Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, iki nəfər ölüb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahın məlumatına görə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər ölüb.

Məlumata görə hazırkı dövrədək ölkədə 2 758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

“Onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208 546 test aparılıb”, deyə məlumatda deyilir.

Xatırlatma

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də mayın 9-dək paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.

Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Aprelin 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəyə giriş-çıxış qadağasının mayın 31-nə qədər uzadıldığını elan edib.

Şərhlərə bax

XS
SM
MD
LG