Accessibility links

Jurnalist üç gündür aclıq aksiyası edir


Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası
Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası

Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Polad Aslanov 3 gündür aclıq aksiyası edir.

O, aclıq aksiyasına başlaması barədə oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində öz işi üzrə prosesdə məlumat verib.

Polad Aslanov bildirib ki, vəkili Elçin Sadıqova qarşı təzyiqlərə etiraz olaraq bu addımı atır.

Vəkil Ekçin Sadıqovun məlumatına görə, jurnalistlə oktyabrın 3-də görüşü baş tutmayıb:

“Nə qədər yolundan döndərməyə israr etsəm də, artıq dözülməz hal olduğunu, ona görə də axıra qədər aclıq aksiyası keçirəcəyini bildirmişdi mənə.

Onunla görüşmək üçün Bakı İstintaq Təcridcanasına gəlsəm də, şənbə günü olduğunu bildirib mənə görüş vermədilər. Səhhətindən mən və ailəsi Gülmirə Aslanova xanım çox narahatıq. Ona tibbi yardım göstərilmir. “ deyə o bildirib.

Vəkil qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə təcili tədbirlərin görülməsi üçün (interim measures) Məhkəmə reqlamentinin 39-cu qaydasına uyğun müraciət edəcək.

“Polad Aslanovun səhhətinin kəskin pisləşməsini, ona hələ tibbi yardım göstərilməməsini, ixtisaslaşmış mülki tibb müəsissəsinə köçürülmədiyini, ailəsinin narahatçılığını nəzərə alıb gələn həftənin nazar ertəsi Avropa İnsan Hüquqları Məhkəməsinə təcili tədbirlərin görülməsi üçün (interim measures) Məhkəmə reqlamentinin 39-cu qaydasına uyğun müraciət edəcəm” vəkil qeyd edib.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova deyib ki, Polad Aslanova evlə telefon əlaqəsinə məhdudiyyət qoyulub.

“1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov, Polad Aslanovun ailəsi ilə telefon əlaqəsinə şərait yaradın. Polad Aslanovun çəkisi 41 kqdır, ürək damar xəstəsidir, qan azlığından əziyyət çəkir. Ombudsman aparatı və rəis zənglərimə cavab vermir” deyə o qeyd edib.

Penitensiar Xidmətdən isə Polad Aslanovun aclıq etməsi barədə dediklərinə münasibət öyrənmək mümkün olmayıb.

Xatırlama

xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.

Polad Aslanov ittihamların heç birini qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG