Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq səyləri tənqid edərək, 30 ilə yaxın bir müddətdə heç bir şeyin əldə edilmədiyini bildirib.
Azərbaycan və Ermənistan arasında sentyabrın 28-də başlayan döyüşlər 1990-cı illərdən bəri ən ciddi hərbi əməliyyatlar hesab edilir.
Türkiyə Ermənistanın Azərbaycan torpaqlarının işğalını pisləyib və Azərbaycanla tam həmrəy olduğunu bildirib. Ankara Yerevanı dəfələrlə hərbi qüvvələrini Dağlıq Qarabağdan çıxarmağa çağırıb.
Bakıya səfəri zamanı danışan Çavuşoğlu döyüşlərə son qoymaq üçün təkcə atəşkəsin kifayət etməyə biləcəyini deyib.
“Biz dünyadan gələn çağırışlara baxırıq və bunlar `dərhal atəşkəs` çağırışlarıdır. Bundan sonra nə? İndiyə qədər atəşkəs var idi, amma nə baş verdi?”, Çavuşoğlu Türkiyə televiziyasında yayımlanan şərhlərində bildirib.
"Atəşkəs ola bilər, amma bunun nəticəsi nə olacaq?" -deyə, o əlavə edib. “Ermənistana Azərbaycan torpaqlarından dərhal çıxmasını deyə bilərsinizmi? Çıxması üçün bir həll yolu tapa bilərsinizmi? Xeyr, 30 ildir eyni çağırışlardır”, Çavuşoğlu bildirib.
Keçən həftə Rusiya və ABŞ-la birlikdə münaqişənin nizanlanmasında vasitəçilik edən Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa Bakı və Yerevan arasında danışıqların yenidən başlanması üçün yeni bir təşəbbüslə çıxış edib. Lakin Azərbaycan prezidenti İlham Əliyev Bakının bunu nəzərdən keçirmək üçün qarantiyalara ehtiyacı olduğunu bildirib. Çavuşoğlu da bu səyləri rədd edərək, bunun “işğalçının mükafatlandırılması” olacağını və Ermənistan və Azərbaycana bərabər münasibət göstərilməyəcəyini deyib.
"Bütün dünya bunun artıq belə davam edə bilməyəcəyini başa düşməlidir", Çavuşoğlu bildirib.