Accessibility links

Qarabağ məhbuslarının daha bir hissəsi ev dustaqlığına buraxılıb


Bakıda yürüş keçirilir (Foto Ramin Dekonun səhifəsindəndir)

Bakı şəhəri Səbail rayon Məhkəməsi Qarabağ məhbuslarının daha bir hissəsini, həbsdə olan 15 nəfəri ev dustaqlığına buraxıb.

Dekabrın 7-də adı çəkilən məhkəmə bu barədə qərar çıxarıb.

Məhkəmənin sədri Ağamalı Qafarov prokurorluğun vəsatəti əsasında bu işə baxıb. Prokurorluğun vəsatətində göstərilib ki, həbsdə olan şəxslərin ailə vəziyyəti, bir çoxunun himayəsində azyaşlı uşaqların olması, az ağır cinayətlər kateqoriyasından olan əməllərdə ittiham edilmələri və s. halları nəzərə alaraq, onların ev dustaqlığına buraxılması məqsədəuyğun hesab edilir.

Təqsirləndirilən şəxslər məhkəməyə gətirilməsə də, Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə prosesinə qoşulublar.

Ev dustaqlığına buraxılan 15 nəfərdən üçü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır. Bunlar AXCP Təşkilat şöbəsinin əməkdaşı Ramid Nağıyev, partiyanın Qaradağ rayon şöbəsinin sədri Elnur Həsənov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevdir. Bundan başqa, Naxçıvan MR daxili işlər nazirinin keçmiş müavini Siyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov da həbsdən buraxılanlar sırasındadır.

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

XS
SM
MD
LG