Accessibility links

İran prezidentliyinə namizədlərin ilk debatı keçirilib


İran prezidentliyinə namizədlər iyunun 5-də keçirilən ilk debat zamanı ölkədəki iqtisadi böhranla əlaqədar ittihamlar səsləndiriblər.

Üç saat davam edən televiziyada yayımlanan debat seçkidən öncə keçiriləcək üç debatdan ilki olib. Seçki ölkədə Birləşmiş Ştatların 2015-ci il nüvə sazişindən geri çəkilməsindən sonra tətbiq olunan sanksiyaların səbəb olduğu dərin iqtisadi böhranla bağlı geniş yayılmış narahatlıqlar fonunda keçiriləcək.

İranın mühafizəkar Keşikçilər Şurası 600 nəfər arasında yeddi namizədi təsdiqləyib ki, onların beşi ultra-mühafizəkar, ikisi isə islahatçıdır. Beş ulta-mühafizəkar namizəd hazırkı prezident Həsən Ruhaninin səkkiz ildir davam edən idarəçiliyini tənqid ediblər və aparıcı mötədil namizəd olan mərkəzi bankın sədri Əbdülnasir Hemmatini iqtisadi böhrana görə məsuliyyəti üzərinə almağa çağırıblar.

“Cənab Hemmati, sizin idarəçiliyiniz fəlakətli idi, siz burada cənab Ruhaninin təmsilçisi olaraq oturusunuz,” İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş başçısı Mohsen Rezai deyib.

Hemmati Qərblə gərginliyin artmasına görə ultra sərt xətt tərəfdarlarını günahlandırıb və bunun İranın iqtisadi çətinliklərini artırdığını deyib. O həmçinin onların iqtisadi planlarını hədəf alaraq, kütləvi birbaşa yardım vədlərinin “qeyri-mümkün” olduğunu bildirib.

2017-ci il seçkisində səslərin 38 faizini qazanan ultra-mühafizəkar baş hakim İbrahim Rəisi reformistlərlə toqquşmaqdan çəkinib və diqqəti iqtisadiyyata yönəldib.

“İnflasiya insanların üzləşdiyi ən ciddi problemlərdən biridir. Əsas məhsulların qiyməti əhəmiyyətli dərəcədə artıb,” o deyib və əlavə edib ki, İran xalqının əsas narahatlıqlarından biri “bəzi rəsmilərin saxtakarlığıdır.”

Rəisi İranın iqtisadi problemlərinə görə ABŞ-ın sanksiyalarını günahlandıran və doğru idarəçilik olmadan ölkənin daha pis vəziyyətdə olacağını söyləyən namizədlərin şərhlərini rədd edib.

“Bu, 17 qol buraxan bir qapıçının “mən olmasam 30 qol vurulardı” deməsinə bərabərdir,” İslam qanunları üzrə doktorluq dərəcəsinə sahib Rəisi bildirib.

Ötən ay Keçikçilər Şurasının tanınmış mötədil namizədləri seçkiyə buraxmamaq qərarı ilə Rəisi namizədlər arasında ən dominant namizədə çevrilib.

Hökuməti dünya qüdrətləri ilə 2015-ci il nüvə razılığını canlandırmaq üçün danışıqlar aparan nisbətən mötədil olan Ruhani iki müddət ard-arda prezident olub və o, üçüncü dəfə namizədliyini irəli sürə bilməz.

Ruhani İranın 2015-ci il nüvə sazişinin əsas memarıdır. Nüvə sazişini canlandırmaq üçün danışıqlar aprel ayından bəri Vyanada davam etdirilir.

XS
SM
MD
LG