Accessibility links

Ərdəbil həbsxanasında bir edam məhkumu intihara təşəbbüs edib


4 il öncə, 17 yaşında ikən, bir şəxsi qətlə yetirmək ittihamı ilə ölüm cəzasına məhkum edilmiş Əli Ərjəngi Qocabəyli Ərdəbil Həbsxanasında intihara təşəbbüs edib.

İran İnsan Haqları Təşkilatına (İran HR) istinadən, şənbə günü damarlarını kəsərək intihara təşəbbüs edən Qocabəyli Ərdəbilin Fatimi xəstəxanasına aparılıb.

“Ərjəngi Qocabəyli boynunun bir hissəsi və damarlarını kəsərək edam hökmü icra edilmədən öz həyatına son qoymağa çalışdı. Həbsxana məsulları tərəfindən Ərdəbilin Fatimi xəstəxanasına köçürülən məhbus hazırda kritik vəziyyətdədir, yaralarına 45 tikiş qoyulub,” İran HR bildirib.

O, qətl ittihamı ilə mühakimə edildiyi zaman Tibbi Ekspertiza Qocabəylinin “zehni yetkin” olduğuna dair qərar çıxarmışdı. O, daha sonra Ərdəbil Cəza Məhkəməsinin uşaqlar və yeniyetmələrə məxsus şöbəsi tərəfində edam cəzasına məhkum edilmişdi. Qocabəylinin vəkili onun özünümüdafiə haqqından istifadə etdiyi və günahsız olduğunu irəli sürür.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtara bilirlər. Qətlə yerdiyi şəxsin ailəsinin razılığını almaq üçün Əli Ərjəngi Qocabəyliyə verilən möhlət iyul ayının 22-ə qədər uzadılıb.

XS
SM
MD
LG