Accessibility links

Ülvi Həsənli: Görünür hökumət bizi hələ də dövlət üçün, özləri üçün təhlükə hesab edir


Ülvi Həsənli
Ülvi Həsənli

Pegasus qalmaqalı ətrafında baş verənlərlə bağlı bu proqramın qurbanına çevrilən ictimai siyasi fəallar, hüquqşünas və jurnalistlərlə müsahibələr davam edir.

NİDA Vətəndaş Hərəkatının İdarə heyətinin üzvü, ictimai fəal, Ülvi Həsənli Amerikanın səsinə müsahibəsində Pegasus qalmaqalının Azərbaycanın siyasi, ictimai xadimlərin fəalliyyətinə təsirlərindən və cəmiyyətin bu qalmaqala biganəliyindən danışıb.

Amerikanın Səsi: Ülvi bəy, sizin də Pegasus qalmaqalında bu proqram vasitəsilə izlənilməniz üzə çıxdı. Sizin izlənilməniz hansı məqsədlərlə həyata keçirilə bilərdi?

Ülvi Həsənli: Mən düşünürəm ki, mənim və digər ictimai, siyasi şəxslərin dinlənilməsi bir başa bizim fəaliyyətimizlə bağlıdır. Görünür hökumət bizi hələ də dövlət üçün, özləri üçün, hakimiyyət üçün təhlükə hesab edir. Amma bizim fəaliyyətimizdə heç bir qanuni tərəf yoxdur və biz də bu mənada izlənməmizdən narahat deyilik. Amma əlbəttə bu dövlət cinayətidir. İnsanların xəbəri olmadan, heç bir qanun pozuntusu, heç bir əsas olmadan insanların bu formada, özü də məhkəmə qərarı olmadan dinlənilməsi cinayətdir.

Amerikanın Səsi: Cəmiyyətin reaksiyasını bu hadisə ilə necə qiymətləndirərdiniz, gözlədiyiniz ictimai qınaq, təpki oldumu?

Ülvi Həsənli: Mən bu məsələdə ictimai reaksiyanı ciddi şəkildə görmədim. Bunun bəlkə də obyektiv səbəbləri var. Amma çox geniş kütlə bu məsələ ilə bağlı fikir bildirmədi. Ancaq ictimai, siyasi çevrə müstəqil media, müxalif çevrə bu məsələ ilə bağlı öz səsini qaldırdı. Bəlkə də bu onunla bağlıdır ki, insanlar bu məsələni özlərinə problem hesab eləmirlər. Çünki burada izlənən çevrə müəyyən dərəcədə məhdud çevrə idi. Ola bilər insanlar ona görə həssas məsələ kimi qəbul etmirdilər. Amma mən düşünürəm ki, ümumilikdə bu məsələ öz gələcəyini düşünən insanlar üçün siqnal olmalı idi ki, Azərbaycan hökuməti bu dərəcədə ciddi cinayətlər törədir. Ona görə də, əslində insanlar bu məsələyə ciddi reaksiya verməli idilər. Amma çox təəssüf ki, gözlənilən reaksiya olmadı.

Amerikanın Səsi: Qanuni maraqlarınızın qorunması üçün hər hansı hüquqi addımlar atacaqsınızmı?

Ülvi Həsənli: Əlbəttə biz artıq bu məsələ ilə bağlı hüquqi addımlara başlamışıq. Bir neçə qrup vəkil bu işlə bağlı hüquqi prosedurlara başlayıblar. Siyahıda olan bir çox insan artıq vəkillərlə danışıb. Vəkillər ilkin olaraq prokurorluğa bununla bağlı müraciətlər edəcək. Prokurorluq bu məsələ ilə bağlı araşdırma aparmalıdır. Ondan sonra biz əgər görsək ki, Azərbaycandakı ədalət sistemi bu məsələ ilə bağlı obyektiv araşdırma aparmır, onda biz artıq beynəlxalq müstəvidə davam etdirəcəyik. Onu da qeyd edim ki, bu məsələ ilə bağlı biz mütəmadi olaraq həm yerli, həm də beynəlxalq hüquqşünaslarla danışırıq.

Amerikanın Səsi: Bu tipli hadisələrin baş verməməsi üçün beynəlxalq səviyyədə hansı tədbirlər görülməlidir?

Ülvi Həsənli: Bu məsələ ilə bağlı mən düşünürəm ki, beynəlxalq təşkilatlar internet təhlükəsizliyi, informasiya təhlükəsizliyi ilə bağlı çox yaxşı operativ təlimatlarını verdilər. Düzdür, bu təlimatlar sırf ingilis dilində idi. Ola bilər müəyyən çətinliklər yaratdı bir sıra insanlarda. Amma ümumilikdə operativ şəkildə öz təlimatlarını hazırladılar. Təlimatlarını verdilər ki, hansı formada siz telefonunuzu yoxlada bilərsiniz ki, sizdə pegasus izləri var və ya yoxdur. Mən bildiyimə görə, Azərbaycanda da bir sıra insanlar telefonlarını analiz ediblər. Beynəlxalq təşkilatların bu məsələdə məncə köməyi birinci növbədə maarifləndirmə ola bilər. Onlar düzgün təlimatlar hazırlayıb yerli fəallara, jurnalistlərə bu təlimatları verməlidirlər ki, siz özünüzü necə qoruya bilərsiniz. Mütəmadı olaraq öz təhlükəsizliyinizi necə analiz edə bilərsiniz.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG