Accessibility links

Bloger Tural Sadıqlı Londonda avtomobilinə hücum olduğunu deyir


"Azad söz" kanalının yaradıcısı və sahibi, bloger Tural Sadıqlı Londonda onun avtomobilinə hücum olduğunu bildirib.

Bu barədə Amerikanın Səsinə Tural Sadıqlı məlumat verib.

“Hadisə 30 oktyabr tarixində baş verib. Pandora sənədlərində Əliyev ailəsinə aid olduğu bildirilərən adı keçən ünvanlardakı binaları çəkdikdən sonra avtomobilimə qayıtdım və bu hadisin törədildiyini gördüm. Mənimlə bərabər Qubad İbadoğlu da var idi.”

Bloger bu hadisə ilə bağlı adı çəkilən ölkənin polisinə müraciət etdiyini də deyib.

Sadıqlı bütün bunları xəbərdarlıq kimi dəyərləndirib. O bununla yanaşı, korrupsiya ilə bağlı araşdırmalarını davam etdirəcəyini bildirib.

Öz növbəsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu Amerikanın Səsinə baş verənləri təsdiqləyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin ailəsinin və ortaqlarının adına rəsmiləşdirilmiş ofşor şirkətlərə məxsus binaların qarşısında müsahibə verib, sonra onunla avtomobilini park etdiyi qaraja gələndə görülənənlərdən təəccübləniblər.

“Mən də Tural Sadıqlı ilə bərabər həmin maşının park elədiyi qaraja qayıtdıq. Gördüklərimizdən heyrətləndik. Gördük ki, maşının arxa pəncərəsi sındırılıb. Nə baş verdiyini ilk ağlımıza gələn o oldu ki, yəqin ki, Tural Sadıqlını izləyiblər.”

Partiya sədri baş verən hadisəni Tural Sadıqlıya xəbərdarlıq kimi qiymətləndirib.

“İstənilən halda belə hadisələr Londonun mərkəzində çox da baş vermir. Nadir hallarda olur. Nəzərə alsaq ki, rəsmi ödənişli bir avtomobil qarajında maşın park olunmuşdur.”

Onun sözlərinə görə, baş vermiş hadisə rəsmləşdirilib.

“Keys açıldı. Polisə məlumat verildi. Digər lazımı addımlar atıldı. Hələ heç bir nəticə yoxdur. Açığı mən deyim ki, London polisi belə hadisələrdə o qədər də həvəslə iştirak eləmir. Çünki daha böyük cinayətlər onlar üçün əhəmiyyətlidir. Mən iddia eləmirəm ki, bunu hakimiyyət nümayəndələri təşkil eləyib və bu, Tural Sadıqlının peşə fəaliyyəti ilə bağlıdır. Amma görünən dağa nə bələdçi? Tural Sadıqlı Londona bu məqsədlə gəlib ki, bütün o əmlakları çəksin. Bu hadisənin Londonda baş verməsi və bu əmlaklara baxış keçirilənlərdən sonra qeydə alınması təbii ki, hər kəsdə o cümlədən məndə də şübhələr yaradır. ”

Qubad İbadoğlu baş verən hadisəni qətiyyətlə pisləyib.

“Hesab edirəm Tural Sadıqlıya qarşı olan bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları müvafiq qiyməti verməlidir. Hələlik hüquq-mühafizə orqanlarından bu məsələ ilə bağlı açıqlama yoxdur. Amma yenə deyirəm ki, hadisə öz özlüyündə peşə fəaliyyəti ilə məşğul olan bir jurnalistin demək olar ki, həyatına müəyyən bir təhlükə yaratma məqsədi ilə də təşkil oluna bilərdi. Odur ki, bu ciddi şəkildə araşdırılıb qiymətləndirilməlidir.”

Bu deyilənlərlərə hələlik Azərbaycan hakimiyyəti tərəfindən rəsmi açıqlama almaq mümkün olmayıb.

Pandora sənədləri

Ofşor şirkətlərə dair "Pandora Sənədləri" adlı sızdırılmış fayllarda 35 indiki və keçmiş liderin, eləcə də 300-dən çox məmurun adları çəkilir.

Adı çəkilən sənəddə gizli yollarla sərvətə sahib olan məmurlar və onların ailə üzvlərinin sırasında Azərbaycan prezidenti İlham Əliyevin də adı keçir.

Prezident İlham Əliyev Pandora sənədləri barədə

İlham Əliyev prezident olmamışdan əvvəl sahibkar olduğunu xatırladıb.

“Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”, o əlavə edib.

İham Əliyev sənədlərdə yazılanların 5 faiz həqiqət olmasını ehtimal etdiyini deyib.

“Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur,” İlham Əliyev qeyd edib.

Ekspertlər isə...

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində ​bu vədigər araşdırmalara Azərbaycanda hələ də hüquq-mühafizə orqanları tərəfindən hər hansı bir reaksiya verilməməsindən danışıb.

Bir müddət əvvəl Amerikanın Səsinə açıqlama verən Xədicə İsmayılova deyib ki, Pandora dosyesində 12 milyondan çox sənəd var. Onun sözlərinə görə, biznes şəffaf olmalıdır ki, bu, kriminal əməllər üçün vasitə olmasın. Bundan əlavə jurnalist Azərbaycanda məmurların 15 ildən artıqdır ki, gəlir bəyannaməsi vermədiyini bildirib.

Daha sonra Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ilə birlikdə “Pandora Sənədləri” üzərində işləyən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Təşkilatının (OCCRP)-nın redaktorlarından biri olan İlya Lozovski Amerikanın Səsinə müsahibəsində sənədlərdəki əsas tapıntılar, Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus mülkləri barədə qısa məlumat paylaşıb və beynəlxalq ictimaiyyətin bu əməlllərin qarşısını almaq üçün ata biləcəyi addımları şərh edib.

Onun sözlərinə görə, bu gün ofşor artıq hər hansı bir ada anlamına gəlmir.

"Ofşor Birləşmiş Krallıq, Florida, Cənubi Dakota, Delaver və dünya boyu bir çox yer ola bilər. Zəngin insanlar bu xidmətlərdən istifadə edərək sərvətlərini saxlaya biləcəkləri ofşor şirkətlər qururlar. Bir çox halda bunun legitim səbəbləri olur. Amma biz həmçinin tapmışıq ki, bu ofşor yerlərin təmin etdiyi məxfilik ictimai xadimlər, onların qohumları və başqa insanlar, və bəzi hallarda cinayətkarlara naməlum mənbədən gələn pulları gizlətməyə və əmlak sahibi olmağa imkan verir", İlya Lozovski bildirib.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (BAJK) oktyabrın 3-də açıqladığı "Pandora Sənədləri" adlandırılan sənədlərə əsasən, dünya ölkələrinin hazırkı və keçmiş onlarla lideri dünyanın hər yerində var-dövlət və gizli daşınmaz əmlaka sahibdir.

Azərbaycan müxalifəti Pandora sənədləri ilə bağlı araşdırma tələb edir

Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli "Pandora dosyesi" beynəlxalq jurnalist araşdırması ilə əlaqədar Azərbaycanın baş prokuroru Kamran Əliyevə müraciət edib. Bu dosyedə açıqlanan materiallara əsasən, Azərbaycan prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb. 2017-ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib. Həmin materiala görə, ölkədən 3 milyard dollar çıxarılıb və yuyulub.

Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, Baş Prokurorluq göstərilən faktlarla bağlı cinayət işi açmalı, hərtərəfli və obyektiv araşdırma aparmalıdır.

Müraciətdə qanunvericiliyin konkret maddələri göstərilir və deyilir ki, prokurorluq "yuxarıda qeyd olunan hallarda araşdırma aparmağa borcludur".

Bundan öncə Müsavat Partiyası da analoji müraciətlə çıxış edib.

Baş Prokurorluq bu müraciətlərlə bağlı hələ şərh verməyib​.

Rəsmi hakmiyyət isə...

İndiyədək hakim ailənin ofşor sərvətilə bağlı rəsmi açıqlama verilməyib. Prezident Əliyev isə dəfələrlə məmurları “çirkin əməlllərindən əl çəkməyə” çağırıb, əks halda aqibətlərinin eyni olacağıyla hədələyib. Bir neçə keçmiş icra başçısı korrupsiya ittihamları ilə həbs olunub, bəziləri haqda artıq hökm çıxarılıb.

Hakimiyyət ölkədə korrupsiya ilə sistematik mübarizə aparıldığını desə də, tənqidçilər bunun görüntü xarakterli olduğunu iddia edirlər.

XS
SM
MD
LG