Accessibility links

Norveç Helsinki Komitəsi Saleh Rüstəmovu həbsdən azad etməyə çağırıb


Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini, həbsxanada aclıq edən fəal Saleh Rüstəmovu həbsdən azad etməyə çağırıb.

"Saleh Rüstəmov, Azərbaycanın görkəmli siyasi məhbuslarından biri bir həftədən çoxdur həbsxanada azad edilməsi tələbi ilə aclıq edir. Ailə üzvləri və vəkilləri son günlər onun səhhətinin kəskin şəkildə pisləşdiyini bildirirlər. Siyasi motivli həbsinə etiraz edən Rüstəmov ölənə və ya azad edilənə qədər aclığı davam etdirəcəyini bildirib", deyə təşkilatın Facebook səhifəsində dərc edilmiş bəyanatında bildirilir.

Rüstəmov 2019-cu ildə siyasiləşdirilmiş ədalətsiz məhkəmə prosesi nəticəsində uydurma qanunsuz sahibkarlıq və narkotik cinayətləri ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan hökuməti bu ittihamlardan çox vaxt hökuməti tənqid edən fəalların qanunsuz həbsi üçün istifadə edir, deyə sənəddə bildirilir.

İttihamlar Rüstəmovun siyasi məhbus ailələrinə yardım üçün vəsait toplaması haqqında iddialardan irəli gəlir. "Həbsdən sonra polis 17 gün Rüstəmovun ətraf mühitlə əlaqə yaratmaq və bir ay ərzində vəkillə görüş imkanından məhrum edib. Məhkəmədə o, dindirilmə zamanı polislərin bir neçə gün onu amansızca döyməsindən və təqsirini etiraf etməsi üçün ona təzyiq göstərməsindən danışıb. Amansız davranış və həbsdə saxlanılması haqqında şikayətlərlə bağlı heç bir araşdırma aparılmayıb", deyə Norveçli hüquq müdafiəçiləri qeyd edirlər.

NHK hüquq-müdafiə qruplarının və fəalların Azərbaycan hökumətinə Rüstəmovu dərhal və qeyd-şərtsiz azad etmək çağırışlarına qoşulur.

"Hökumət Rüstəmovun ədalətsiz və əsassız həbsini davam etdirməməli və onun həbsdə yavaş-yavaş ölməyini müşahidə etməməlidir", deyə NHK-nin bəyanatında qeyd edilir.

Xatırlatma

Noyabrın 6-dan etibarən Saleh Rüstəmli azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb. Bu deyilənlərə hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

XS
SM
MD
LG